Son zamanlar cəmiyyətdə müxtəlif rituallara meyl artıb.
Bəzi insanlar müxtəlif rituallar vasitəsilə həyatının yaxşıya doğru dəyişdiyini iddia edirlər. Üstəlik, çox uzun müddət bununla məşğul olan şəxslər var.
Bəs ritual həyatı həqiqətən dəyişə bilərmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, insan həyatını dəyişmək üçün birinci özünü dəyişməlidir:
"Heç bir ritual insanın həyatını dəyişə bilməz. Bu sadəcə psixoloji baxımdan insanın özünü nəyəsə inandırıb aldatmasıdır. Nəzərə almaq lazımdır ki, dünya, həyat, yaşam və mühit rituallarla idarə olunmur. Bütün bunlar əməklə, təhsillə, çalışmaqla əldə olunur. Falçılıq, cadugərlik və yanayinlərlə nəyəsə nail olmaq mümkün deyil. Elm sübut edir ki, bu kimi işlərin hamısı xurafat, cəhalət və mövhumatdır. Keçmişdə də xalqımız inanırmış ki, tonqalın üstündən atlalananda adamın bütün xəstəliyi, ağırlığı gedir. Bəyəm bu elmi cəhətdən sübut olunub? Xeyr. Təbii ki, bu kimi şeylər sadəcə inancdır".

Həmsöhbətimiz qeyd edib ki, falçılığa, cadugərliyə, sehrə maraq və meylin artması işsizliklə bağlıdır:
"Boş adamın ağlına nə desən gələr. Sovet vaxtı hamı işləyirdi, belə şeylər həm qadağan idi, həm də adamların boş zamanı yox idi. İndi isə işsizlik, ümidsizlik, ağır sosial vəziyyət insanları boş ümidlərin ağuşuna atır. Hər şeydən, hər yerdən ümidi üzülmüş insanlar rituallardan, daşdan, qayadan imdad gözləyirlər. Amma bu hədər cəhddir. Elmlə məşğul olmaq və oxumaq lazımdır. Unutmayın ki, hər yaşda elm öyrənmək vacibdir. Üstəlik, rituallar hələ heç kəsə nicat verməyib, verə də bilməz. Yalnız Allaha təvəkkül edib çalışmaq, oxumaq, elm öyrənmək lazımdır. Bu zaman insan rahatlığını, bir tikə çörəyini də tapacaq".
Günel


