Psixoloqdan rejissorun qalmaqallı fikrinə MÜNASİBƏT

SOSİAL
19:58 / 16.02.2026
87

Rejissor Kənan Mahmudov son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Onun qadınlarla bağlı fikri birmənalı qarşılanmayıb. Rejissorun sözlərinə görə, psixologiyaya görə, qadınlarda duyğu yetərsizliyi var: 

"Heç bir oğlan özünə aldığı telefonun və ya saatın şəklini çəkib paylaşmır. Amma qadınlar əks cins onlara telefon aldıqda, şəklini paylaşır. Beləcə, xanımlara göstərmək istəyirlər ki, mən dəyərliyəm".

Rejissorun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta tənqidlərə səbəb olub.

Psixoloq Gülnar Orucova Hit.az-a açıqlamasında bildirib ki, bəzi insanlar dəbdəbəli yaşamağı sevir, daha çox görüntüyə üstünlük verir və yaşadıqları hər bir hadisəni paylaşmağa çalışırlar:

392132

"Bu yaxınlarda "Sevgililər günü" oldu. Həmin gün münasibətilə münasibətdə olan, evli, hətta yaşlı insanların belə paylaşımlarının şahidi olduq. Paylaşımların çoxunun xanımlara məxsus olduğu da doğrudur. Bu isə xanımlarda duyğu yetərsizliyindən deyil, daha çox emosionallıqdan irəli gəlir. Xanımlar kişilərə nisbətən daha emosionaldır və hisslərini daha qabarıq şəkildə biruzə verirlər. Bu baxımdan, infarkt hallarının kişilər arasında daha çox yayılması da diqqət çəkir".

Ekspert qeyd edib ki, mentalitet məsələsi də var:

"Bizim mentalitet bəzi davranışları kişilərə uyğun hesab etmir. Bu səbəbdən də kişilər çox paylaşım etməyə maraqlı olmurlar. Gün ərzində beşdən artıq şəkil paylaşan şəxsin psixoloji problemi ola bilər. Bu, onun özünü təsdiq etməyə çalışdığını göstərir. Hər gün davamlı şəkildə şəkil paylaşan şəxslər kiməsə özünü bəyəndirmək, nəyisə sübut etmək istəyirlər. Bu isə sağlam yanaşma deyil. Qadınlarda bu hal bəzən özgüvən əskikliyinin göstəricisi ola bilər. Özgüvən isə əsasən ailədə formalaşır. Ailə bir xanımın və ya bəyin özgüvənini artıra və ya azalda bilər".

Psixoloqun sözlərinə görə, davamlı paylaşım edən şəxslərdə müəyyən dərəcədə həsəd hissi də ola bilər:

"Qadınlar isə dövrə və zəmanəyə uyğun paylaşımlar edirlər. Məsələn, son vaxtlar sağlam qidalanma ilə bağlı paylaşımlar artıb. Ümumiyyətlə, insanlar paylaşımları vasitəsilə xoşbəxt olduqlarını sübut etməyə çalışırlar. Ancaq bu sübut kimə və nə üçün lazımdır? Bununla yanaşı, həmin paylaşımların insanlara neqativ təsir göstərdiyini düşünənlər də var. Çünki “göz” və “nəzər” anlayışı cəmiyyətdə geniş yayılıb".

Gülnar Orucova sözlərini belə yekunlaşdırıb:

"Son zamanlar bəzi oğlanlar isə gün ərzində avtomobilləri ilə bağlı çoxsaylı paylaşımlar edirlər: getdikləri yol, maşının ön və arxa hissəsi, salonu və s. Həmçinin, bir çox gənc oğlan "TikTok" platformasında saatlarla canlı yayım açır. Qadınlara irad tutularkən bu məqamlar da nəzərə alınmalıdır. Xanım özgüvən əskikliyi yaşadığı üçün paylaşım edə bilər. Lakin bloger və influencerlər istisnadır. Çünki onlar iş fəaliyyəti ilə əlaqədar hər gün paylaşım etməyə məcburdurlar".

Günel

0