Sosioloqdan bahalı iftar menyularına ETİRAZ

SOSİAL
15:16 / 20.02.2026
155

Ramazan ayı boyunca ölkədəki restoranlar fərqli qiymətlərlə iftar süfrələri təklif edir.

Bəzi restoranlarda iftar menyuları münasib olsa da, bir çoxunda yüksək qiymətlər müşahidə olunur. Konkret olaraq, bəzi restoranlardakı qiymətlər vətəndaşların büdcələrinə uyğun gəlmir. Ümumilikdə isə restortanlardakı iftar menyuları orta hesabla 20-120 manat arasında dəyişir.

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, cəmiyyətimiz bu gözəl Ramazan ayı barədə hələ də formal və əzbərlənmiş məlumatdan o tərəfə bilgi sahibi deyil: 

"Təəsüf ki, bir çoxları yalnız formal şəkildə oruc tutur, sadəcə adət-ənənə qaydalarına əsaslandıqlarını deyirlər. Yəni ictimai düşüncə Ramazan ayının mahiyyəti, ac qalmağın fəzilətləri, insan sağlamlığına xeyri barədə, oruc tutmağın mənəvi baxımdan insan üçün nə qədər böyük dəyərə sahib olduğu barədə xəbərsizdir.

Hətta bəziləri sadəcə bütün günü ac qalmaqla müsəlman kimi vəzifəsini bitmiş hesab edirlər. Lakin insanlar ac qalmaq ibadətinin məqsədi nədir, Allah bu ibadətlə bizə nə dediyinin mahiyyətini başa düşməlidirlər. Bunu əsas götürmək lazımdır. Ramazan ayını sırf yemək ayı olaraq qələmə vermək olduqca yanlış düşüncədir. Əksinə, yeməyərək mənəvi zənginliyi artırmaq ayı, Quran ayı olaraq təqdim etmək lazımdır".

392440

Ekspert qeyd edib ki, bu gün Bakı restoranlarında Ramazan ayı ilə bağlı əməlli-başlı menyu “yarışı” başlayıb:

"Fantastik iftar qiymətləri geninə-boyuna reklam olunur. Sanki Yeni il və ya Novruz bayramı ilə bağlı bayram ziyafətləridir. Halbuki Ramazan paylaşmaq, həmrəylik ayıdır. Lakin Bakıdakı restoran sahiblərinin az qala toy qiymətlərinə bərabər menyu dərəbəyliyi, “iftar süfrəsi” adı ilə həmişəki kimi bu gözəl ayın fəzilətindən sui-istifadə cəhdi ikrah doğurur".

Sosioloq xatırladıb ki, əvvəllər heç olmasa restoran və kafələrdə ehtiyac sahibləri üçün təmənnasız xırda menyu təqdim olunardı:

"İndi bunun tam əksinə sanki müştəri ovuna çıxmış yırtıcı restoran və kafələr şəhəri başına götürüb gedir. Unutmayaq ki, iftarın mahiyyəti bahalı restoranlarda qarın doyurmaq yox, mənəvi dəyərləri qorumaqdır. Süfrənin qiyməti deyil, niyyət və ölçü önəmlidir. Məncə, bu gözəl Ramazan ayında işbaz restoran sahiblərinə pul qazandırmaq əvəzinə öz evində süfrə açıb, imkansız insanlarla birlikdə iftar etməkdir. Bu, savabların və dəyərlərin ən gözəlidir".

Günel

0