Bəzi vətəndaşlar mənzil əldə etmək məqsədilə ipoteka krediti götürdükdən sonra müxtəlif səbəblərdən başqa ölkəyə köçmək qərarı verirlər.
Lakin onlar götürdükləri kreditə görə ölkədən çıxıb-çıxa bilməyəcəklərindən əmin olmurlar. Həmçinin, başqa ölkəyə köçmək istəyən vətəndaşlar da ipoteka krediti götürmələrinin buna əngəl törədib-törətməyəcəyini dəqiq bilmədiklərinə görə ehtiyat edirlər. Çünki ipoteka krediti uzunmüddətli öhdəlikdir və kredit müqaviləsi çərçivəsində borcalanın bank qarşısında müəyyən məsuliyyətləri mövcuddur.
Bu zaman sual yaranır: ipoteka öhdəliyi olan şəxs ölkəni tərk edə və ya xaricdə daimi yaşaya bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər kollegiyasının üzvü Roman Qaraşov Hit.az-a açıqlama verib.
O bildirib ki, vətəndaş ipoteka krediti götürdükdən sonra ölkədən çıxmaq və ya başqa ölkədə yaşamaq hüququ, ümumi qaydada, ipoteka münasibətləri ilə məhdudlaşdırılmır:
“İpoteka müqaviləsi borcalanın hərəkət azadlığını məhdudlaşdıran alət deyil. O sadəcə olaraq borcun qaytarılması üzrə pul öhdəliyini və həmin öhdəliyin daşınmaz əmlak üzərində girov (ipoteka) ilə təmin edilməsini tənzimləyən mülki-hüquqi mexanizmdir. Bu baxımdan, borcalan aylıq ödənişləri müqavilədə nəzərdə tutulan qaydada və vaxtında icra etdiyi, sığorta və bankla əlaqə/ünvan məlumatlarının yenilənməsi kimi müşayiətedici tələblərə riayət etdiyi müddətdə, yaşayış yerini dəyişə və xaricə köçə bilər. Lakin praktiki olaraq yalnız bankın məlumatlandırılması və ödənişlərin fasiləsiz icrası üçün texniki şərtlərin təmin edilməsi tələb oluna bilər”.
Hüquqşünas qeyd edib ki, ölkədən köçmə faktı kredit öhdəliyini aradan qaldırmır və hər hansı gecikmə olduqda kreditorun müqavilə və qanunvericilikdən irəli gələn müdafiə vasitələri qüvvədə qalır:
“Məsələn, cərimə və faizlərin hesablanması, borcun vaxtından əvvəl tələb edilməsi, girov predmetinə tutmanın yönəldilməsi, habelə məhkəmə və icra prosedurlarının başlanması mümkündür. Ölkədən çıxışın məhdudlaşdırılması isə ipoteka götürən şəxsin xaricdə yaşaması ilə bağlı avtomatik nəticə deyil. Bu tədbir yalnız icra mərhələsində borcun icrasından qəsdən yayınma və ya icra orqanının qanuni tələblərinin yerinə yetirilməməsi kimi hallarda, prosessual qaydada və səlahiyyətli orqan tərəfindən istisna tədbir kimi tətbiq oluna bilər”.
Pərviz



