Gənc nəsillər həyatlarının hər sahəsinə sirayət edən ağır “iqlim narahatlığı” yükü ilə yaşayır.
Hit.az xəbər verir ki, təxminən 50 araşdırmanı əhatə edən yeni bir icmal, iqlim dəyişiklikləri və ekoloji pozuntuların (CCED) Z və Alfa nəsillərinin ruh sağlamlığına necə təsir etdiyini və bu prosesdə hansı “eko-duyğuların” ortaya çıxdığını nümayiş etdirir.
Simon Fraser Universitetində sağlamlıq elmləri sahəsində çalışan və araşdırmanın müəlliflərindən biri olan Maya Gislason bildirir ki, bir çox gənc “harada böyüdüklərini bilmədən” həyatlarını davam etdirməyə çalışır. Hətta böyüklərin belə iqlim böhranını anlamlandırmaqda çətinlik çəkdiyini vurğulayan akademik “eko-duyğular” anlayışının yalnız narahatlığı deyil, həm də qəzəb, ümid, günahkarlıq və digər mürəkkəb hissləri ifadə etmək üçün yaradıldığını söyləyir.
Uşaqlar nə hiss edir?
Gislason vəziyyəti ciddi şəkildə anlamağa övladının məktəbdən gətirdiyi iki şəkillə başlamışdır. Biri mavi-yaşıl tonlarda bir dünya, digəri isə alovlar içində bir planet idi. Ardınca gələn sual olduqca sarsıdıcıdır: “2050-ci ildə öldüyümdə neçə yaşım olacaq?”
Bu sual yalnız bir uşağın qorxusunu deyil, bir nəsilin varoluşsal narahatlığını əks etdirir. Planet sürətlə isinir, iqlim fəlakətləri daha tez-tez və dağıdıcı olur. Qlobal atmosfer sistemləri pozulur, Amazon meşələri kritik vəziyyətdədir, növlər itir, bəzi ölkələr xəritədən silinmə təhlükəsi ilə üzləşir. Üstəlik, gənclərin gözündə bu vəziyyətə qarşı yetərli addım atılmır.
Kurtin Universitetində davamlılıq üzrə professor kimi çalışan Dora Marinova 2024-cü ildə avstraliyalı gənclərlə aparılan araşdırmanın müəlliflərindən biridir. Marinova bildirir ki, gənclər son dərəcə narahatdır və xüsusilə konkret addımların olmaması qarşısında özlərini çaresiz hiss edirlər.
Araşdırmalar vəziyyəti belə göstərir:
*Avstraliyada Z nəslinin 81%-i,
*Kanadada 73%-i,
*Tanzaniya və Keniya gənclərinin 70%-i iqlim dəyişiklikləri barədə narahatdır.
Çoxmillətli araşdırmalarda isə dünya üzrə gənclərin 84%-i iqlim böhranı səbəbilə narahatlıq hiss etdiklərini bildirir. Bu yalnız “narahatlıq” deyil; həm də kədər, qəzəb, günahkarlıq, gücsüzlük və rəhbərlərə qarşı dərin məyusluq müşahidə olunur.
Yeni araşdırma göstərir ki, uşaqlar və yeniyetmələr iqlim dəyişikliklərinə çoxqatlı və mürəkkəb emosional reaksiyalar verirlər: narahatlıq, qorxu, qəzəb, ümid, empatiya, günahkarlıq və bəzən güclənmə hissi… Lakin ən dominant duyğular qorxu və kədərdir.
"Dünyanı bizmi xilas edəcəyik?” təzyiqi
Araşdırmaya qatılan gənclər üzərlərində “böhranı həll etmək məcburiyyəti” hiss etdiklərini bildirirlər. Qəzəb və məyusluq adətən hökumətlərə, şirkətlərə və daha yaşlı nəsillərə yönəlir. Bununla yanaşı, duyarsız olduğunu düşündükləri həmyaşıdlarına və ətraflarına qarşı da reaksiya göstərə bilirlər.
Bəzi uşaqlar üçün bu təzyiq gündəlik həyatda da hiss olunur. Məsələn, bir iştirakçı süd şokoladı yedikdə özünü pis hiss etdiyini deyir; çünki tünd şokoladın ətraf mühit üçün “daha yaxşı” olduğunu bilir, amma dadını sevmir. Bu sadə seçim belə günahkarlıq hissini oyada bilir.
Gələcək planlaya bilməyən nəsil
“Dünya sona çatsaydı nə edərdiniz?” sualı, bu gün bir çox gənc üçün abstrakt bir ssenari deyil.
Araşdırmaya görə bəzi gənclər uşaqlı olub-olmamağı belə iqlim böhranına görə qiymətləndirir. Xüsusilə gənc qadınlar və qız uşaqları gələcəyə dair ciddi qeyri-müəyyənlik hissi keçirirlər. Hətta 9–10 yaşlı uşaqlar belə “dünyanın sonu” mövzusunda narahat olduqlarını bildirirlər.
Bəziləri “plan quracaq gələcək görmədiklərini” deyir. Bir gənc isə “Bizə böyük xəyallar qurmaq öyrədilir, amma nəyə görə plan quracağıq?” sözləri ilə bu ziddiyyəti ifadə edir.
Ruh sağlamlığına təsirləri
Bu ağır emosional yükün real nəticələri var. Araşdırmalarda depressiya tez-tez bildirilib. Bəzi uşaqlar ətraf mühit barədə danışarkən göz yaşlarını saxlaya bilmir. Hətta bir Braziliyalı iştirakçının iqlim dəyişikliklərini düşünərkən panik atak keçirdiyi qeyd olunub.
Gənclər arasında güclü qorxu və narahatlıq səbəbindən yuxu problemləri yaşayanlar da var. Xüsusilə iqlim fəlakətlərini birbaşa yaşayanlarda təsirlər daha aydın görünür. Avstraliyadakı “Black Summer” yanğınlarını xatırlayan gənclər, qışları getdikcə qısalan Kanadadakı yerli icmalar və ya yayda çöldə qala bilməyəcək qədər yüksək temperaturu yaşayan uşaqlar bu qrupdadır.
Bir gənc, tüstü ilə dolu mühitdən sürünərək çıxan insanları gördüyü kabusları danışır. Digəri isə sənaye fermalarında öldürülən heyvanları yuxusunda gördüyünü bildirir.
Ümid üçün kiçik, amma güclü addımlar
Vəziyyət qaranlıq olsa da tamamilə ümid itmiş deyil. Araşdırmada iqlim mövzulu seminar və tədbirlərdə iştirak edən gənclərin ümid və motivasiya hisslərinin gücləndiyi müşahidə olunub. Bir iştirakçı deyir: “Hələ də narahatam, amma artıq bir fərq yarada biləcəyimizə daha çox inanıram".
Gislason bildirir ki, gəncləri “zəka, əllər və qəlbləri ilə” prosesə cəlb etmək – yəni həm biliklərini, həm fəaliyyətlərini, həm də emosional zəkanı hərəkətə gətirmək – dəyişimin açarı ola bilər. Lakin ən kritik addım, gənclərin narahatlıqlarını ciddi qəbul etmək və real, konkret addımlar atmaqdır.
Bir iştirakçının sözləri vəziyyəti belə təsvir edir: “Okeanlar isinir, temperatur hər gün artır. Günəşin yandırıcı istiliyini hiss edirəm və bu heç də yaxşı deyil. Fəaliyyəti 12 il sonra yox, indi istəyirik".
Samir


