İnsanlar əsrlər boyu səmanın sirrlərini anlamağa çalışıb və bu maraq astrologiyanın formalaşmasına səbəb olub.
Bu gün də bürclər mövzusu cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri olaraq qalır. Kimiləri bunu sadəcə maraqlı bir informasiya kimi qəbul etsə də, digərləri astroloji proqnozlara ciddi yanaşırlar. Hətta elə insanlar var ki, gündəlik həyatlarını, planlarını və verəcəkləri qərarları hər gün yayımlanan bürc proqnozlarına uyğun şəkildə qurmağa üstünlük verirlər.
Bu mövzu ilə bağlı astroloq Nərmin Zeynalova Hit.az-a müsahibə verib.

- Nərmin xanım, astrologiya nədir? Astrologiyanın bürclərə təsiri varmı?
- Astrologiya enerjilər haqqında danışan bir sahə kimi təqdim olunur. Məsələn, həyatımızda mövcud olan, lakin gözlə görünməyən enerjilərdən bəhs edir. Fizika dərslərindən bilirik ki, hər şey enerjidən ibarətdir. Astrologiyaya görə isə kainatda gözə görünməyən müxtəlif enerjilər mövcuddur və bu enerjilər müəyyən üsullarla ölçülə bilər. Bu ölçülərdə planetlərdən, bürclərdən və 12 ev sistemindən istifadə olunur. Hesab olunur ki, hər insanın ruhu, daxili dünyası və həyatında baş verən bəzi proseslər onun doğulduğu anla əlaqəlidir. Məhz buna görə astrologiyada insanın doğum xəritəsini də hesablamaq mümkündür. Astrologiya tərəfdarlarının fikrincə, insanın daxilində daşıdığı enerji ətraf mühitdəki enerjilərlə qarşılıqlı təsirə girir və bu da müəyyən təsirlər yarada bilər.
- Doğum xəritəsi ilə insanın taleyini və ya gündəlik proqnozunu müəyyən etmək mümkündürmü?
- Bürclər astrologiyanın yalnız kiçik bir hissəsidir. Astrologiyada əsas məsələ insanın doğum xəritəsidir və bu xəritə hər bir şəxs üçün fərdi şəkildə tərtib olunur. Dediyim kimi, səmada baş verən hadisələrin insanlara və bürclərə müəyyən təsiri ola bilər. Lakin bu təsirin hamı üçün eyni şəkildə təzahür etməsi mümkün deyil. Milyonlarla insanın eyni gündə eyni hadisəni yaşaması real görünmür. Məsələn, eyni günəş bürcünə mənsub olan bir neçə insan müəyyən ortaq xüsusiyyətləri daşıya bilər. Ancaq hər bir insanın doğum xəritəsi fərqli olduğuna görə onların xarakterində və həyat hadisələrində də fərqli detallar mövcud olur. Buna görə də insan haqqında daha dəqiq fikir söyləmək üçün onun doğum xəritəsinə baxmaq lazımdır.
- Qəzetlərdə və saytlarda yayımlanan gündəlik bürc proqnozları nə dərəcədə düzgündür? Ümumiyyətlə, milyonlarla insan eyni gündə eyni hadisəni necə yaşaya bilər?
- Əslində, gündəlik olaraq yayımlanan bürc proqnozları, astrologiya hesab olunmur və əksər hallarda da düzgün deyil. Təəssüf ki, bir çox insanlar astrologiyanı qəzet və saytlarda yayımlanan gündəlik bürc yozumları ilə eyniləşdirirlər. Halbuki astrologiya bu qədər sadə və ümumi yanaşma ilə izah edilə biləcək bir sahə deyil. Əgər astrologiyanın bürclərə görə gündəlik proqnoz verdiyini kimsə iddia edirsə, bunun haradan yarandığını demək çətindir. Hətta bəzən zarafatla deyilir ki, bunu ilk ortaya atanlar astrologiyanın ən böyük “düşmənləri” olub. Astrologiyada müəyyən dövrlər üzrə – məsələn, illik və ya aylıq proqnozlar vermək mümkündür. Günəş və Ay tutulmaları, həmçinin planetlərin yeni bürclərə keçməsi kimi hadisələrin ümumi astroloji təsirləri ola bilər.
- Bəs gündəlik bürcləri kimlər və nəyə əsasən açıqlayır?
- Gündəlik bürcləri astroloqlar açıqlamır. Gündəlik bürcləri əsasən fırıldaqçılar yayır. Mən şəxsən iki nəfər tanıyıram ki, radio və qəzetlərdə tamamilə uydurma proqnozlar verirlər. Ümumiyyətlə, astroloqlar həftəlik və ya gündəlik proqnoz vermirlər. Məsələn, bu həftə Ayın hansısa bürcdə olması müəyyən bürclərə müəyyən təsir göstərə bilər. Lakin səmada baş verən hadisələrin bürclərə konkret olaraq necə təsir etdiyini dəqiq demək mümkün deyil. Buna baxmayaraq, insanlar bu cür xəbərləri oxumağa maraq göstərir və həvəs göstərirlər. Bu işlə məşğul olanlar da insanların bu marağını görərək uydurma gündəlik bürc proqnozları yayırlar.
Günel Cəlilova


