Ekoloq həyəcan təbili çaldı: “Hamımızı təhdid edir”

SOSİAL
15:22 / 10.03.2026
136

“Ekoloji maarifləndirmə günümüzün vacib tələbi və şərtidir”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, biz bəzən “ekoloji tərbiyə, ekoloji şüuurun formalaşdırılması bağçalardan, məktəblərdən başlanmalıdır” deyirik:


“Bəli, bu doğrudur. İnsan nə qədər erkən ekoloji tərbiyə alsa o qədər yaxşıdır. Biz körpə yaşlarından uşaqlara havanı, təbiəti, çevrəni, suyu, ağacı sevdirməliyik. İnsan hər damlanın, hər nəfəsin qədrini uşaq yaşlarından etibarən bilməlidir ki, böyüyüb iş adamına çevriləndə 50 ilə yetişən ağacın qədrini bilsin. Onda həmin ağacı kəsib, nəfəsimizi əlimizdən almaz. Eyni zamanda, bu şəkildə böyüyən uşaq gələcəkdə planetimizin ağciyərləri hesab olunan ağaclıqları öz biznes tamahına qurban verməz”. 

Ekspertin sözlərinə görə, ekoloji şüurun formalaşdırılması və ekoloji tərbiyə bütün yaş dövlərində aparılmalıdır: 
“Hesab edirəm ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə ekoloji maarifləndirmə aksiyalarına hər zaman ehtiyac var. Bu gün evdar qadın da, fermer də, məktəbli də, iş adamı da maarifləndirilməlidir. Bu prosesdə vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Amma media, xüsusilə onlayn media və televiziyalar aktiv olmalıdır. Qəribə bir dövrdə yaşayırıq. Uşaqlara “ağacları kəsməyin, budaqları qırmayın, kolları əzməyin, quşları, heyvanları incitməyin” deyirik”.

Lakin Elman Cəfərli qeyd edib ki, böyüklərin apardığı müharibələr ətraf mühitə hər gün milyonlarla dollar ziyan vurur:
“Atılan bombalar, raketlər ekosistemi məhv edir, çaylar, göllər çirkləndirilir, əkin sahələri, torpağın münbit qatı məhv olur. Biz dayanıqlı inkişafı təmin etmək, gələcəyə canlı həyat mümkün olan Yer kürəsi buraxmaq istəyiriksə, müharibələr dayanmalıdır. Çünki müasir silahlarla aparılan müharibələr təkcə bir ölkənin deyil, bütövlükdə regionun ekosistemini təhdid edir. Atılan mərmilər, raketlər suyumuzu çirkləndirir, eroziyaya təkan verir. Bölgənin flora və faunası məhv olur, ekosistem ciddi yaralar alır”.

Elmir Mustafa
 

0