"iPhone" xəstəliyinə yoluxanlar...

SOSİAL
14:34 / 11.03.2026
45

Bu gün yaşından asılı olmayaraq demək olar ki, hər kəsin əlində mobil telefon var. 

Ötən illərlə müqayisədə artıq insanlar sadə telefonlardan deyil, daha bahalı və prestijli modellərdən istifadə etməyə üstünlük verirlər. Bu baxımdan, ən çox diqqətçəkən marka isə məhz "Apple" şirkətinin istehsalı olan "iPhone" telefonlarıdır.

Yolda, metroda, mağazada, şəhərin istənilən nöqtəsində insanların əlində məhz bu markaya aid telefonları görmək mümkündür. "iPhone"-ların qiyməti isə hər kəsə məlumdur və bunu xüsusi qeyd etməyə belə ehtiyac yoxdur. Sanki cəmiyyət "iPhone" "xəstəliyi"nə yoluxub.

Hətta bəzən valideynlər övladlarını dərs oxumağa həvəsləndirmək üçün belə vədlər verirlər: “Dərslərini yaxşı oxu, sənə "iPhone" alacağam”. Valideyn sözünün üstündə durur və bəzən 2000 manata yaxın və ya daha yüksək qiymətə olan telefonu alır. 

Ancaq həmin uşaq telefonu əldə etdikdən sonra doğrudanmı dərs oxumağa başlayırmı? Əksər hallarda cavab mənfi olur. Uşaq günün böyük hissəsini telefonla keçirir, sosial şəbəkələrdə vaxt keçirir, oyunlar oynayır, ətrafındakılara isə bu telefonla sanki “hava atır”. 

Nəticədə, dərs ikinci plana keçir, kitab isə demək olar ki, açılmır. Bu vəziyyətdə ən çox əziyyət çəkən isə valideyn olur. Bəzən fəhlə işləyən ata və ya ana övladına yaxşı təhsil alsın deyə bahalı telefon alır, sonra isə həmin telefonun kreditini ödəmək üçün öz ehtiyaclarından belə kəsir

"iPhone" həvəsi təkcə məktəblilər və yeniyetmələr arasında deyil, böyüklər arasında da geniş yayılıb. Elələri var ki, kirayədə yaşayır, borc və kredit içindədir, amma yenə də kreditlə "iPhone" istifadə edir. 

Sanki bəzi insanlar üçün bu telefon artıq sadəcə texnologiya deyil, sosial status göstəricisinə çevrilib. Beləliklə, "iPhone" artıq nüfuz göstəricisi sayılır. 

"iPhone"nun varsa hörmətə layiqsən yoxdursa kənarda durmalısan. Təəssüf ki, indi insanın ağlına, biliyinə, təcrübəsinə görə deyil işlətdiyi bahalı mobil telefona görə dəyər verilir...

Günel Cəlilova

0