Builki buraxılış imtahanları ətrafında narazılıqlar səngimək bilmir.
İmtahandan çıxan abituriyentlər sualların çətinliyi ilə yanaşı, onların həddindən artıq uzun və vaxt aparan olmasından gileylənirlər.
Maraqlıdır, iddialar nə qədər əsaslıdır? Suallar doğrudanmı çətin olub?
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında deyib ki, buraxılış imtahanında salınan suallar ümumi proqrama cavab vermir:
"Əslində, sualların çətinlik dərəcəsindən daha çox vaxt aparan olması müzakirəyə səbəb olub. Çünki vaxtın düzgün bölünməməsi əksər abituriyentlərin nəticələrinə təsir edib. Dövlət İmtahan Mərkəzi abituriyentlərin, ekspertlərin, müəllimlərin və valideynlərin şikayətlərini nəzərə almalıdır. Bu cür sualları tərtib edənlər nəyi sübut etməyə çalışır, özünün savadlı olduğunu göstərmək istəyir, məqsəd nədir? Bu hal imtahana deyil, ümumi gedişata təsir edir, abituriyentlərin nəticələrinə mənfi təsir edəcək".
Ekspert qeyd edib ki, sınaq imtahanında 100 bal toplayanlar, imtahan zamanı 60 bal üzərində nəticə əldə ediblər:
"İmtahan suallarının bu cür tərtib olunması abituriyentlərin təhsildən soyumasına, uzaqlaşmasına, həvəsdən düşməsinə səbəb olur. Hesab edirəm ki, suallar bu dərəcədə çətin, düşündürücü, vaxt aparan səviyyədə salınmamalı idi. Bununla yanaşı, dinləmə problemi də yaşanıb. İmtahandan çıxan abituriyentlərin bir qismi dinləmənin zəif olduğunu, sualı tam eşidə bilmədiyini etiraf etmişdi. Hər il eyni problemi yaşamaq düzgün deyil, buna əl gəzdirmək, məsələni həll etmək lazımdır".
Həmsöhbətimizin dediyinə görə, belə ağır imtahanlardan sonra nə qədər məktəbli özünə zərər vermək istəyir və ya bunu edib:
"Vəziyyət bu formada davam edərsə, ölkədə olan ali məktəblərdə təhsil alan olmayacaq, əksəriyyət xaricdə təhsil proqramlarına üstünlük verəcək. Övladının psixologiyasını düşünən valideynlər də bu addımı atacaqlar".
Günel Cəlilova



