Amerikalı psixoloq Mark Trevers tərəfdaşların bir-birindən uzaqlaşmağa başladığını və münasibətin sona yaxınlaşdığını göstərən narahatedici, lakin çox vaxt gözə çarpmayan əlamətləri açıqlayıb.
HİT.az-ın məlumatına görə, onun “Forbes” üçün yazdığı məqalədə qeyd olunur ki, münasibətlərdə uzaqlaşma adətən gündəlik davranışlarda kiçik və demək olar ki, hiss olunmayan dəyişikliklərlə başlayır.
“Evlilikdə və ya münasibətdə uzaqlaşma kiçik, demək olar ki, görünməyən dəyişikliklərlə başlayır. Cütlüklər birdən fərq edə bilərlər ki, onlar yalnız fiziki məkanı bölüşürlər, lakin emosional yaxınlıq qalmayıb. Söhbətlər daha az məzmunlu olur. Sevgi və qayğı epizodik xarakter alır. Bir vaxtlar təbii görünən ‘biz’ hissi tədricən zəifləyir. Bu cür uzaqlaşma adətən bir xəyanət və ya böyük münaqişə ilə izah olunmur”, deyə psixoloq bildirib.
Trevers münasibətlər zəifləməyə başlamazdan əvvəl cütlüklərin çox vaxt etməyi dayandırdığı üç davranışı qeyd edib.
1. Bir-birinə maraq göstərmək
Psixoloji tədqiqatlar göstərir ki, maraq münasibətlərin inkişafı zamanı yaxınlığın möhkəmlənməsində mühüm rol oynayır. “Journal of Personality” jurnalında dərc olunmuş bir sıra eksperimental araşdırmalara görə, söhbətlərə maraq və diqqətlə yanaşan insanlar tərəfdaşları ilə daha güclü emosional bağ hiss edirlər.
2. Bir-birinə qarşı həssas və diqqətli olmaq
Münasibətlərdə həssaslıq və diqqət sağlam əlaqənin mühüm göstəricisidir. Bu, əlavə sual vermək, dəstək təklif etmək və ya sadəcə tərəfdaşın vəziyyətini anlayış və diqqətlə qəbul etmək kimi davranışları əhatə edir. “The Journal of Experimental Psychology” jurnalında 2018-ci ildə dərc olunan tədqiqat göstərir ki, insanlar tərəfdaşlarından diqqət və anlayış gördükdə daha açıq olur, müdafiə reaksiyası daha az göstərir və mübahisələr zamanı daha çevik davranırlar.
3. Kiçik anlaşılmazlıqları həll etmək
Dayanıqlı cütlükləri problemlərlə üzləşənlərdən fərqləndirən əsas məqam onların qəfil yaranan gərginlik anlarını necə idarə etməsidir. Münaqişədən sonra tez və konstruktiv şəkildə bərpa olunmaq bacarığı münasibətlərin uzunmüddətli sabitliyində mühüm rol oynayır. Bir-birindən uzaqlaşan cütlüklər isə çox vaxt bu xırda problemləri həll etməyi dayandırırlar. Nəticədə kiçik narazılıqlar yığılır və münasibətin emosional atmosferi tədricən xoş niyyətdən ehtiyatlı və soyuq münasibətə çevrilir.
Psixoloq vurğulayıb ki, itirilmiş bu vərdişləri yenidən bərpa etmək mümkündür. Onun sözlərinə görə, sadə suallar marağı yenidən oyada bilər, kiçik diqqət jestləri münasibətdə yaxınlığı qaytara bilər və gərginliyi qəbul edib yenidən başlamağa hazır olmaq münasibətləri bərpa etməyə kömək edə bilər.
Samir


