Övladını döyənlər cərimələnəcək: "Zorakılıq yolverilməzdir"

SOSİAL
14:04 / 13.03.2026
79

Azərbaycanda uşaqlara qarşı tərbiyə məqsədilə tətbiq olunan fiziki cəza artıq inzibati məsuliyyət yarada bilər. 

Belə ki, bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir. Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. Təklif edilən 525-1-ci maddəyə əsasən, uşağa qarşı fiziki və ya psixoloji zorakılıq edən şəxslər cərimə oluna bilər. Layihəyə əsasən, uşağı tərbiyə etmək və ya intizam yaratmaq adı ilə ona qarşı cismani cəza tətbiq edilməsi, eləcə də fiziki və ya psixoloji təzyiq göstərilməsi inzibati xəta hesab ediləcək və həmin şəxslər 200 manat məbləğində cərimə olunacaq.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, ailədə uşaqlara qarşı zorakılıq yolverilməzdir: 

394381

"İstər fiziki, istərsə də psixoloji təzyiq uşağın sağlam inkişafına ciddi zərər verir. Cəmiyyətin hər bir üzvü kimi valideynlər də övladlarına qarşı böyük məsuliyyət daşıdıqlarını unutmamalıdırlar. Valideyn uşağın onun mülkiyyəti olmadığını dərk etməlidir. Onun əsas vəzifəsi övladını sağlam düşüncəli, düzgün tərbiyə almış bir insan kimi formalaşdırmaq və cəmiyyətə hazırlamaqdır".

Ekspert qeyd edib ki, uşaqlara səhvlərini zor tətbiq etməklə deyil, izah yolu ilə başa salmaq lazımdır:

"Bu yanaşma yalnız valideynlərə deyil, müəllimlərə də aiddir. Yəni istər ailədə, istərsə də məktəbdə uşaqlara hörmətlə yanaşılmalı, onların davranışları düzgün üsullarla tənzimlənməlidir.

Maraqlıdır ki, valideyn övladını tərbiyə məqsədilə döyərsə, bunun necə müəyyən olunacağı suallara səbəb olub. Əslində, zorakılıq görən uşağın davranışı özünü açıq şəkildə biruzə verir. Ümumiyyətlə, övladına və ya dərs dediyi şagirdə şiddət göstərən hər bir şəxs cəzalandırılmalıdır".

Günel Cəlilova

0