Kameraların təhlükəsizliyində vacib məqamlar

SOSİAL
15:15 / 13.03.2026
131

Uzun illərdir əksər həyət evlərində və iş yerlərində təhlükəsizlik kameraları quraşdırılıb.

Həmçinin, bina evlərində və hətta mənzillərin içərisində də kameralara rast gəlmək mümkündür. Əvvəllər bu addım ən təhlükəsiz yol hesab olunurdu. Lakin zamanın dəyişməsi və texnologiyaların müasirləşməsi bu sahədə də özünü göstərdi. Son illərdə istehsal olunan kameralar onlayn xidmət imkanı verir. Yəni evinizə quraşdırdığınız kameraya internet üzərindən istənilən yerdə nəzarət edə bilirsiniz. Hərçənd ki, bu rahatlığın da bəzi mənfi tərəfləri var. Ən böyük mənfi cəhət quraşdırdığınız təhlükəsizlik kameranıza kiber hücumların olmasıdır. Bu isə çox böyük risklər yarada bilir...

Bəs sözügedən kameraları kiber hücumlardan qorumaq üçün nələri bilməliyik?

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Hit.az-a açıqlama verib.

O bildirib ki, həyət evlərində və yaşayış obyektlərində quraşdırılan təhlükəsizlik kameralarına kiber müdaxilə riski realdır:
“Çünki bu kameralar internetə qoşulduğu zaman lazımi təhlükəsizlik tədbirləri görülmədikdə üçüncü şəxslər tərəfindən ələ keçirilə bilər. Dünyada müxtəlif hallarda zəif qorunan kameraların hakerlər tərəfindən izlənməsi, görüntülərin oğurlanması və ya kameraların başqa məqsədlərlə istifadə edilməsi faktları qeydə alınıb. Bu risk əsasən standart parolların dəyişdirilməməsi, köhnə proqram təminatı və zəif şəbəkə təhlükəsizliyi ilə bağlı olur”.

Ekspert belə halların qarşısını almaq üçün hansı addımların atılması barədə danışıb:
“Birinci növbədə kameranın standart istifadəçi adı və parolu mütləq dəyişdirilməlidir. Güclü və mürəkkəb parollardan istifadə etmək tövsiyə olunur. Kameranın proqram təminatının (firmware) mütəmadi yenilənməsi də çox vacibdir. Çünki istehsalçılar təhlükəsizlik boşluqlarını bu yeniləmələrlə aradan qaldırırlar. Mümkün olduqda iki mərhələli identifikasiya (2FA) funksiyasından istifadə edilməlidir”.

Onun sözlərinə görə, naməlum və ucuz istehsalçıların cihazlarını almaq risklidir:
“Tanınmış və təhlükəsizlik yeniləmələri təqdim edən istehsalçıların məhsullarına üstünlük vermək daha təhlükəsiz sayılır. Kameranın internetə birbaşa açıq şəkildə qoşulması əvəzinə VPN vasitəsilə qoşulma da təhlükəsizlik səviyyəsini xeyli artırır. Kameralar təhlükəsizlik məqsədi ilə istifadə olunsa da, düzgün konfiqurasiya edilmədikdə əksinə, şəxsi həyatın məxfiliyinə risk yarada bilər. Lakin sadə kibertəhlükəsizlik qaydalarına əməl etməklə bu riskləri böyük ölçüdə azaltmaq mümkündür”.

Elmir Mustafa
 

0