İlaxır çərşənbənin maraqlı adətləri

SOSİAL
12:07 / 17.03.2026
136

Novruz bayramı ənənələri içərisində ən yaddaqalan mərasimlər məhz sonuncu çərşənbəyə təsadüf edir. 

Bu gün yazın artıq qapıda olduğunu, qışın isə son nəfəsini yaşadığını xarakterizə edir. Axırıncı çərşənbə torpaqla əlaqələndirildiyi üçün bayrama ən yaxın mərhələ kimi xüsusi təntənə ilə qeyd olunur. İlaxır çərşənbəni digər çənşənbələrdən fərqləndirən əsas nüans adət-ənənələrlə zəngin olmasıdır.

İlk növbədə ilaxır çərşənbə günü insanlar səhərin erkən saatlarında bulaq və ya axar su kənarına yollanır, suyun üzərindən atlanaraq niyyətlərini dilə gətirirlər. Həmin gün süfrənin bəzəkli olmasına xüsusi önəm verilir. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəz, qovurğa qoyulur. 

Bayram xonçasına qoyulan şirniyyatların da hər birinin rəmzi mənaları var. Məsələn, süfrəyə qoyulan qoğalı günəşin, istiliyin, şəkərbura Hilalın - Ayın, paxlava isə Ulduzun yerdəki rəmzi anlamına gəlir. 

Həmçinin, sonuncu çərşənbədə subay qızlar maraqlı ənənələri icra edirlər.  Belə ki, onlar qapıdan bir qədər aralı dayanaraq ayaqqabılarının bir tayını qapıya tərəf atırlar. Əgər ayaqqabının ucu qapıya yönələrsə, həmin il evlənəcəklərinə inanılır; əksinə, daban tərəfi qapıya düşərsə, bu, onların hələ gözləməli olacaqlarını göstərir. Eyni zamanda, torpaq çərşənbəsində gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. İnanca əsasən, həmin üzük neçə dəfə fırlanarsa, deməli, gənc qız həmin yaşda ailə həyatı quracaq.

Bundan əlavə, ilaxır çərşənbə gecəsi ölkəmizdə qapı pusmaq və müxtəlif fal növləri də geniş yayılıb. İnsanlar niyyət tutaraq qapı arxasında dayanır və evdən eşitdikləri sözləri öz arzuları ilə əlaqələndirməyə çalışırlar. Əgər bu sözlər niyyətlə üst-üstə düşərsə, arzularının həyata keçəcəyinə ümid edirlər. İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər söylənməlidir...

Günel Cəlilova

0