Paytaxtda nömrə seriyaları yenilənir: “88”lər nəyi göstərir?

SOSİAL
18:45 / 17.03.2026
72

Xəbər verdiyimiz kimi, Bakıda “88”lə başlayan nömrə nişanlarının verilməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.

Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə avtomobillərin sayının sürətlə artması səbəbindən mövcud nömrə seriyaları tez dolur və yeni seriyaların tətbiqinə ehtiyac yaranır:

"Məsələn, bu praktika dünyanın bir çox iri şəhərlərində mövcuddur. Moskva şəhərində əvvəl 77 seriyası istifadə olunurdu, daha sonra 777 və 700 kimi yeni seriyalar tətbiq edildi. Bu, avtomobil sayının artması ilə əlaqədar normal və qaçılmaz bir prosesdir. Ümumiyyətlə, bir seriya daxilində müxtəlif hərf kombinasiyaları vasitəsilə yüz minlərlə nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı vermək mümkündür. Məsələn, bir seriyada müxtəlif hərf kombinasiyaları nəzərə alınarsa, təxminən 300–400 min avtomobil üçün nömrə ayrılması mümkündür. Azərbaycanda da oxşar dinamika müşahidə olunur. Əvvəllər 10-90, daha sonra 77 və 99 seriyaları istifadə olunub, hazırda isə 88 seriyasının tətbiqi gündəmə gəlib. Bu dəyişikliklər əsasən Bakı şəhərində avtomobillərin sayının çoxluğu və yol hərəkətinin sıxlığı ilə bağlıdır.

Yəni yeni seriyaların tətbiqi hər hansı qeyri-adi hal deyil. Bu, sadəcə olaraq nəqliyyat vasitələrinin sayının artması fonunda dövlət qeydiyyat sisteminin genişləndirilməsi zərurətindən irəli gəlir”.

0