Novruz bayramını qeyd etməyimizə cəmi bir neçə gün qalıb.
Artıq ilaxır çərşənbəsi də keçib. Buna rəğmən, Bakı və ölkənin digər bölgələrində əvvəlki illərlə müqayisədə bayram ab-havası o qədər də hiss olunmur. Küçələrdə və məhəllələrdə ənənəvi bayram canlanması, xüsusi hazırlıq və şənlik əhval-ruhiyyəsi nəzərə çarpmır. Hətta paytaxt sakinlərinin əksəriyyəti bayram ovqatında deyil, gündəlik həyatlarını adi qaydada davam etdirirlər. İnsanlar əvvəlki kimi geniş hazırlıqlar görmür, bayrama xüsusi həvəs və maraq göstərmirlər. Sanki Novruz bayramı yaxınlaşsa da, bu, insanların gündəlik yaşam tərzinə ciddi təsir etmir.
Bəs buna səbəb nədir?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, son illərdə bayramların əvvəlki ab-havasının xeyli zəiflədiyi, insanların daha çox tənhalaşmağa və mobil telefonlarda gün keçirməyə üstünlük verdikləri müşahidə olunur:

“Bir zamanlar evlərdə günlərlə davam edən hazırlıqlar, ailələri və qonşuları bir araya gətirən bayramlar indi çox vaxt sadəcə təqvimdəki adi gün kimi qarşılanır. Hazırkı həyatımızın ayrılmaz parçasına çevrilmiş sosial media, internet və telefon asılılığı bizi aktiv həyatdan, minillik dəyərlərimizi yaşatmaq istəyindən tamamilə uzaqlaşdırıb. Cəmi 15-20 il əvvəki kimi adət-ənənələrə bağlılıq hazırkı cəmiyyətimizdə gözə dəymir. Lakin unutmayaq ki, milli adət-ənənələr xalqın kimliyini müəyyən edən əsas amillərdəndir. Əgər bu dəyərlər unudularsa, milli kimlik də zəifləyər. Qloballaşan dünyada milli kimliyin qorunması daha da vacibdir. Bu kimliyi formalaşdıran əsas ünsürlərdən biri dil, digəri isə adət-ənənələrdir”.
Ekspert qeyd edib ki, insanların bayramlara marağının azalmasının digər səbəbləri sosial problemlər, hər gün artan bazar qiymətləri, işsizliyin vüsət alması kimi iqtisadi faktorlardır:
“Bütün bunlar bayram ab-havasına təsir edir. Əvvəllər insanlar qazandıqları pulun müəyyən hissəsini mənəvi istirahətinə sərf edə bilirdisə, indi həmin müəyyən hissə də yoxdur. Qazancın aşağı olması digər mərasimləri qeyd etmək üçün pul qənaətini də aradan qaldırır. İndi nəinki qənaət etmək, hətta insanların büdcəsində bayramı arzuladığı səviyyədə keçirmək üçün vəsait də mövcud deyil. Hazırda bir bayram bazarlığı orta hesabla 300-400 manat civarındadır. Ona görə də ayda 500-600 manat civarında əmək haqqı alan vətəndaş üçün bayramı qeyd etmək əlçatmaz arzuya çevrilir. Bu sadaladığım faktorlar isə bütövlükdə insanların ictimai şüuruna, ictimai psixologiyasına və əhval-ruhiyyəsinə təsir edən başlıca faktorlardan biridir”.
Sosioloqun sözlərinə görə, sosial şəbəkələrin də təsiri danılmazdır:
“Başqa xalqlar internet resurslarından, sosial şəbəkə seqmentindən öz milli dəyərlərini gənc nəslə aşılamaq, bu barədə onları maarifləndirmək üçün istifadə etdiyi halda, bizdə vəziyyət tam fərqlidir. Hazırda Azərbaycanda istər efirlər, istər internet resursları, istərsə də sosial şəbəkə seqmenti ancaq boşanmalara, əxlaqsız insanların bütün günü efirlərdə reklamına və insanları manqurtlaşdıran mövzulara həsr olunur. Əslində, televiziya, sosial media və digər platformalar vasitəsilə adət-ənənələrimizi təbliğ etməliyik. Nə qədər çox təbliğ etsək, bir o qədər də bu dəyərlər yaşayacaq. Onların unudulmasına imkan verməməliyik. Çünki bu ənənələr bizim mənəviyyatımızın ayrılmaz hissəsidir”.
Günel Cəlilova


