Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edilib.
Lahıc qəsəbəsi İsmayıllı rayonu ərazisində yerləşən, təxminən 1 500 illik tarixi olan qədim sənətkarlıq mərkəzidir. Qəsəbə, xüsusilə, misgərlik ənənələri, daş döşənmiş küçələri və bu günədək qorunub saxlanılan qədim memarlıq mühiti ilə tanınır.
Veriliş çərçivəsində qəsəbə sakinləri ilə həmsöhbət olunub, Novruz bayramının Lahıcda necə qeyd edilməsi barədə xatirələr dinlənilib.
Lahıc sakini Qurban dayının sözlərinə görə, əvvəlki dövrlərdə Novruza hazırlıq aylar öncədən başlayardı: "İki ay qabaqdan yumurtalar vedrələrlə gətirilirdi, döyüşdürürdülər. Rəngbərəng şamlar xonçaların üstünə düzülüb yandırılırdı".
Onun sözlərinə görə, o vaxtlar evlərin damları torpaqdan olurdu və bayram gecəsi bütün damlarda məşəllər yandırılardı: "Ardıc ağacından gətirib damlara qoyurdular, axşam od vururdular. Elə bir mənzərə yaranırdı ki, sanki bütün Lahıc işıq içində idi".
Qurban dayı həmçinin qədim bayram adətlərindən danışaraq bildirib ki, bu ərazidə papaqatdı deyil, dəsmal atdı ənənəsi olub: "Papaq bizim üçün qeyrət və namus rəmzidir. Onu qapı ağzına qoymaq düzgün sayılmırdı. Ona görə bizdə papaq atmaq yox, dəsmal atmaq adəti olub".


