Dua edərkən nələrə diqqət etməliyik?

SOSİAL
20:00 / 31.03.2026
109

İnsanların çox böyük hissəsi mütəmadi olaraq Allaha dua edirlər.

Onlar, arzularının və xəyallarının reallaşması, habelə qarşılaşdıqları çətinlikdən xilas olmaq üçün Yaradandan kömək diləyirlər. Lakin bəzi hallarda edilən dualar qəbul olmur. Bu zaman insanlar nələrisə səhv etdiklərini düşünməyə başlayırlar. İlk olaraq, dua edərkən xətalara yol verdiklərinə inanırlar. Ona görə də tez-tez dua edərkən nələrə diqqət olunmalıdır barədə suallar eşidirik. 

Maraqlıdır, duaların qəbul olması üçün nələrə diqqət etmək lazımdır?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, öncə Allah haqqında təsəvvür və ona inanc sağlam və düzgün olmalıdır:

“İnsan kimdən nə istədiyini bilməli və Allaha şəriksiz dua etməlidir. Bu barədə Allah buyurur: “Biz ona (insana) şah damarından da yaxınıq”. Yəni, özünə yaxın olan Yaradanı insan uzaqda, göydə təsəvvür etməməlidir. Peyğəmbər buyururdu ki, nə canlı, nə cansız vasitəyə, ilahi ierarxiyaya ehtiyac yoxdur, birbaşa əlinizi açıb Rəhmana bilavasitə müraciət edə bilərsiniz. 

O hər an sizi duyur, eşidir və görür. Necə ki, Bəqərə surəsi 186-cı ayədə buyurur: “Bəndələrim səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər...” Habelə Fatihə surəsində insanlara təlim edir ki, Ona bu şəkildə müraciət edək: “Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik!”.

Tural İrfan qeyd edib ki, duaların dəqiq qəbul olunması üçün mümkün olan şeyi istəmək lazımdır:

“Quran təbiri ilə desək, “Sünnətullah”a, yəni kainatın ilahi nizamına, təbiət qanunlarının əksinə dua etməyək. Müxalif olduğu üçün Allah onu qəbul etməyəcək. Məsələn, ölümsüz olmağımız üçün dua etmək əbəsdir. Dua edərkən əvvəlcədən sədəqə vermək, yaxşılıq edib könül sevindirmək lazımdır. Ümumiyyətlə, dua tam səmimi və inanılaraq edilməlidir. Halal yeyən adamın duası qəbul olar. Lakin qeybət edənin, ara vuranın, başqasının haqqını yeyənin və acıdil adamın duası əsla qəbul olmaz”. 

İlahiyyatçının sözlərinə görə, hər duadan əvvəl günahlardan tövbə etmək lazımdır:

“Ona görə ki, həmin günahlar duanın qəbul olmasına bəhanədir. Tövbə isə etdiyi əməldən peşman olub bir daha onu etməməyə söz vermək, haqqına girdiklərinin haqqını qaytarıb halallıq almaqdır. Tövbədən sonra Allaha həmd və səna edib həzin şəkildə istəklərini diləyə bilər. Qəbul edilmək isə ilahi hikmətə bağlıdır. Allah müvafiq bildiyi duanı qəbul edir. Əgər istənilən bir şey zahirdə bəndənin xeyrinə görünsə də batində onun ziyanına olarsa Allah o duanı qəbul etməz. Çünki O, bəndəsi üçün hər zaman xeyir istəyir”.

Günel Cəlilova

0