Pulsuzluq boşanmaya səbəbdir?

SOSİAL
14:20 / 01.04.2026
96

Ailə quranlarla müqayisədə boşananların sayı günü-gündən artır. 

Boşanmaların səbəbi kimi fikir uyğunsuzluğu, ailə böyüklərinin müdaxiləsi, psixoloji təzyiqlə yanaşı, iqtisadi çətinliklər də göstərilir. Artıq iqtisadi çətinlik səbəbindən də ailələrin dağılmasına şahidlik edirik. Təbii olaraq bu da müzakirə mövzusuna çevrilir. 

Həqiqətən pulsuzluq bir ailəni dağıtmağa səbəb olur? Maddi sıxıntılar sevgini, anlayışı və səbri maddi bu qədər asan sarsıda bilər?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, bu gün boşanmaların sayının hansı səviyyədə artdığı göz qabağındadır: 

395524
“Boşanmaya səbəb kimi müxtəlif amillər irəli sürülür və bu amillərin hər birinin ailələrin dağılmasında öz rolu var. Məncə, boşanmanın əsas səbəblərindən biri məhz maddi çətinliklərdir. Çox vaxt cütlüklər ailə qurarkən sevginin hər şeyə qalib gələcəyinə inanırlar. Lakin həyat göstərir ki, sevgi təkbaşına ailəni ayaqda saxlamaq gücündə deyil. Ailə həm də maddi təminat, sabitlik və məsuliyyət tələb edir”.

Ekspert qeyd edib ki, qazancın olmadığı bir mühitdə isə münasibətlər getdikcə gərginləşir, qarşılıqlı hörmət zədələnir:

“Kişinin ailəyə maddi dəstək göstərməməsi, qadının elementar ehtiyaclarının qarşılanmaması artıq təkcə məişət problemi deyil. Bu, sanki iqtisadi zorakılıqdır. Bu cür hallar ailədaxili narazılığı dərinləşdirir, gərginliyi artırır və nəticədə münasibətləri uçuruma sürükləyir. Ümumiyyətlə, evliliyin yalnız xoş tərəflərini görən cütlüklər çətinliklərlə qarşılaşdıqda ayrılığa meyl edirlər".

Günel Cəlilova

0