“Xoşbəxtlik nə seçim, nə də genetik bəxtdir”.
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, xoşbəxtlik sadə görünsə də, çox dərin bir duyğudur:
“İnsanlar hər zaman xoşbəxt olmadıqlarından şikayətlənərək bədbəxt olduqlarını deyirlər. Əslində, psixoloji tərəfdən düşüncə və hisslər baxımından mənfilərə rahatlıqla fokuslana və ya yaşaya bilirlər. Müsbət duyğu və düşüncələri isə ya hiss etmirlər, ya da inanmaq istəmirlər. Məsələn, çox insan hələ də önündən qara pişik keçəndə gününün pis keçəcəyinə inanır. Üstəlik, buna həqiqətən inandığı üçün də günü pis keçir. Lakin qara pişiyin qarşımızdan keçməklə bu gün olacaq müəyyən hadisə barədə xəbərdarlıq etdiyi düşüncəsinə kimsə inanmır. Çünki bunu əvvəldən neqativ adlandırıblar. Halbuki qara pişiyin qarşımızdan keçərək bizi xəbərdar etdiyini düşünmək daha yaxşı və sevindirici haldır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bəzən hadisələrin əsas mahiyyəti bilinmədən və araşdırmadan mənalandırılır:
“Buna da səbəb beynin daima ətrafında bir günahkar axtarmasıdır. Hansısa mənfi hadisə baş verəndə beyin bunun məsuliyyətini üzərindən atmaq üçün günahı başqasına yükləyir. Ona görə də baxış bucağı və hadisəyə hansı mənanı yüklədiyimiz çox önəmlidir”.
Ekspert qeyd edib ki, hər şeyə müsbət tərəfdən baxmaq da mümkündür:
“Lakin bunu qəbul etmək və inanmaq bəzilərinə mənasız gəlir. Elə buna görə də hər zaman xoşbəxtliyi axtarırlar. Hətta xoşbəxtliyti bir ömür axtaranlar da olub. İnsanlar bir ömür xoşbəxtliyi axtarırlar, amma əlçatmaz görünən xoşbəxtlik hər zaman yanlarında olur. Sadəcə olaraq bunun fərqinə varmırlar. Bu səbəbdən də xoşbəxtliyi görməyi bacarmaq lazımdır”.
Aydan Məmmədovanın sözlərinə görə, insan təbiəti izlədikdə, başqaları ilə ünsiyyət qurduqda, hər gün sərbəst şəkildə gününü idarə etdikdə, xoş sözlər eşitdikdə və ya dedikdə və özünü xoşbəxt hiss edə bilər:
“Lakin bunlar artıq o qədər öyrəşilib ki, çox sadə hal kimi qələmə verilir. Unutmayaq ki, hər anımız bizim xoşbəxtliyimizdir. Onu axtarmaq lazım deyil, çünki hər zaman ətrafımızdadır. Düşünürəm ki, gördüklərimizi və eşitdiklərimizi dərindən hiss etmək lazımdır. Heç bir insan bədbəxt deyil, sadəcə buna inanan insanlar var. Xoşbəxt olmaq istəyirsinizsə dəyişməlisiniz”.
Pərviz



