Sığınacaqda olan uşaqların üzü göstərilə bilər?

SOSİAL
12:14 / 08.04.2026
105

Rəqəmsal dövrdə sosial şəbəkələrin geniş yayılması informasiyanın sürətli paylaşımına imkan yaratsa da, bu sahədə müəyyən həssas məqamlar da ortaya çıxır. 

Xüsusilə sığınacaq şəraitində yaşayan uşaqların üzlərinin açıq şəkildə nümayiş etdirilməsi kimi hallar artıq bir neçə dəfə müşahidə olunub. Təbii olaraq belə hallar cəmiyyətdə ciddi narahatlıq doğurur.

Ümumiyyətlə, azyaşlıların görüntülərinin ictimaiyyətə təqdim edilməsi çox diqqətli yanaşma tələb edən məsələdir. Mövcud qanunvericiliyə əsasən, uşaqların şəxsi həyatının toxunulmazlığı qorunmalı, onların fiziki, mənəvi və psixoloji rifahı təhlükə altına atılmamalıdır.

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, son vaxtlar yardım apararkən özünü reklam edən, süni görüntü yaradan, yardım apardığı insanları zavallı obrazda təqdim edən “yardımsevərlərin” sayı durmadan artır: 

396113

“Bu insanlar yardım apardıqları insanların üzlərini kamera qarşısında canlandırırlar. Üstəlik, uşaqları bu yardım qarşılığında özlərinə təşəkkür etməyə məcbur edirlər. Bu isə qətiyyən yolverilməz haldır. Amma məsələ azyaşlı uşaqlara gəlincə artıq daha mürəkkəb situasiya yaranır. Çünki bu ən həssas insan kateqoriyasıdır. Valideyn himayəsindən məhrum olan, sığınacaqlarda məskunlaşmış bu qəlbi qırıq körpə fidanları sevindirmək çox gözəl işdir. Lakin bunu özünün şəxsi reklamına çevirmək, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqları xoşagəlməz maraqlarına alət etmək qəbuledilməzdir”. 

Ekspert qeyd edib ki, son günlər uşaq sığınacağına edilən yardım zamanı uşaqların üz təsvirlərinin görüntülənməsinin ictimai müzakirəyə səbəb olması da dediklərimi növbəti dəfə təsdiq edir: 

“Unutmayaq ki, valideyn himayəsini, ata-ana sevgisini itirmiş bu uşaqlara bu cür münasibət onların gələcək həyatında da böyük tramva yaradan haldır. Onlara bir sığal çəkən zaman həssaslıq tələb olunduğu halda, bir neçə yardım apararkən bu həssaslığa daha ciddi riayət etmək lazımdır”.

Günel Cəlilova

0