Sosioloqdan müğənninin təklifinə MÜNASİBƏT

SOSİAL
11:50 / 09.04.2026
107

Məlum olduğu kimi, ölkədə boşannaların sayı günü-gündən artır. 

Bunu statistik rəqəmlər də təsdiq edir. Hər il orta hesabla 15-20 min nəfər boşanır. Bu isə hər yeni qurulan 3 ailədən birinin dağılması deməkdir. 

Əməkdar artist Vasif Məhərrəmli də son günlərdə bununla bağlı maraqlı təkliflə çıxış edib. Onun sözlərinə görə, efir və saytlarda boşananların statistikası açıqlanmamalıdır: 

“Bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır və ümumilikdə cəmiyyət üçün mənfi psixoloji fon formalaşdırır. “Bu il bu qədər insan boşandı” kimi rəqəmlərin açıqlanması nə ölkənin adına, nə də insanların psixologiyasına müsbət təsir göstərir”.

Lakin Vasif Məhərrəmlinin bu fikri ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəziləri onu haqlı, bəziləri isə haqsız hesab etdiklərini yazıblar.
 
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, boşanmaların artması danılmaz faktdır: 

“Bu gün qurulan ailələrin sanki 70 faizi boşanmaq üçün evliliyə addım atır. Boşanmanın səbəbləri müxtəlifdir. Hər ailənin öz hekayəsi, özünəməxsus problemləri var. Məncə, boşanmaların artmasında sosial medianın, internet saytlarının və telekanalların da müəyyən rolu var”. 

Ekspert təəssüflə qeyd edib ki, bu gün, boşanma mövzusu daha çox gündəmdədir:

“Gecə-gündüz bu barədə danışılır, müzakirələr aparılır. Halbuki, uzunömürlü və sağlam evliliklər haqqında da daha çox materiallar hazırlanmalı, yazılar yazılmalıdır. Uzunömürlü evlilik təbliğ olunmalıdır, yoxsa “Iphone” almadı deyə, kiçik səbəblər üzündən ayrılığı təşviq etmək yox”.

Günel Cəlilova

0