Astrologiya və bürclərə inanmaq məsələsi uzun illərdir həm ictimai, həm də dini müstəvidə mübahisə doğuran mövzulardan biri kimi diqqət çəkir.
Dini baxımdan isə kainatda baş verən hər hadisə, insanın taleyi və gələcəyi yalnız Allahın iradəsi ilə müəyyən olunur. Ona görə də ulduzların, planetlərin və ya bürclərin insan həyatına birbaşa təsir etdiyini iddia etmək bəzi din alimləri tərəfindən doğru qəbul edilmir. Onların fikrincə, belə inanclar insanı səbəb-nəticə əlaqələrini yanlış qurmağa, hətta bəzi hallarda yaradıcıdan başqasına qeyri-ixtiyari şəkildə güc aid etməyə yönləndirə bilər.
Maraqlıdər, dini baxımdan bürclərə inanmaq düzgündürmü?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, Quranda “Bürclər surəsi” var:
“Hətta “bürclər sahibi göy” ifadəsi istifadə olunur. Bu mənada bürclərin varlığı, kainatın, dünya sisteminin tərkibi kimi qəbul olunur. İnsan taleyinə, yaşamına müəyyən təsiri olduğu yaxud əlaqəli olduğu deyilir. Bu kimi məsələlərlə uğraşan sahəyə “nücum elmi” (ulduzlar elmi) deyilir. Lakin bu, qədimdə Ramazan, Qurban bayramının vaxtlarını, digər əlamətdar günləri müəyyən etmək üçün istifadə olunurdu. Bürclər, ulduzlar, ümumiyyətlə planetlərin hərəkət sistemini öyrənən alimlər vardı. Yoxsa ki, bürcün dövriyyəsini hesablayıb fal açmaq, başqa məqsədlərlə istifadə etmək yox idi”.
Onun sözlərinə görə, astrologiyaya inanıb inanmamağın dinə heç bir aidiyyəti yoxdur:
“O bir bilgi sahəsi kimi mövcuddur. İstəyən inana, istəməyən inanmaya bilər. İslamın, imanın şərtlərində elə bir müddəa yoxdur. Amma o ki, qaldı astroloqların verdiyi məlumatlara inanmağa, bu kimi məsələlər elmlə, ağılla, məntiqlə ölçülməlidir. Əgər ağıla uyğun deyilsə, təxninlərə, gümana əsaslanırsa din belə nöqtələrə inanmağa yasaq qoyur. Lakin dəqiq məlumata etibar etmək olar. Tutaq ki, Şamaxı Rəsədxanasınsa Ayın nə vaxt doğacağını hesablayırlar.
Bilirik ki, bu, dəqiq elmi hesablama əsasındadır. Yoxsa ağıla batmayan qeybi məlumatlar vermək doğru deyil və buna inanmaq da olmaz. Bəzən bürclərə məxsus gündəlik proqnozlar verilir. Belə bir proqnoz vermək bəlkə də uyğun olar, çünki hər bürcün mənsubunun planetlərin dövriyyəsinə görə durumu haqda müəyyən əlamətləri qeyd edib. Məsələn, pis havadan özlərini gözləməyi tövsiyə edirlər. Amma gərək bu da dəqiq elmi hesablama üzrə olsun”.
İlahiyyatçı vurğulayıb ki, qeybdən xəbər vermək, bürcləri fal oxuna çevirmək günahdır:
“Lakin bürclər var, Quranda da bu haqda deyilir. İnsanların hərəsinin müəyyən bürcə, ünsürə aid olması da var. Ümumiyyətlə o qədər də əhəmiyyət veriləsi sahə deyil”.
Günel Cəlilova



