Kişilər qadınlara danışarkən bu SƏHVLƏRİ EDİRLƏR

SOSİAL
15:03 / 10.04.2026
119

“Bəzi bəylər xanımlarla danışarkən bir çox nüansa fikir vermirlər”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəylərin xanımlarla ünsiyyət qurarkən onlara qarşı diqqət və hörmətlə yanaşmalıdırlar:


“Çünki sağlam ünsiyyət yalnız danışmaqdan ibarət deyil, həm də dinləməyi bacarmaq, anlayış və qadının zərifliyini, incəliyini nəzərə almaqdır. Xanımlar çox zaman ünsiyyətdə səmimiyyətə, qarşıdakı insanın onu anlayacağına və emosional diqqətə önəm verirlər. Buna görə də bəylər qarşı tərəfin fikirlərini diqqətlə dinləməli, onun duyğularını, yaşadıqlarını dəyərsizləşdirməməlidir”.

O qeyd edib ki, kişilər qadınlara qarşı səmimi və təbii olmalıdırlar:
“Yəni onlara qarşı öz səmimiyyətlərini və təbiiliklərini qorumalıdırlar. Bəzən bəylər qarşı tərəfi təsirləndirmək, onların sevgisini qazanmaq üçün özlərini olduqlarından fərqli şəkildə göstərməyə çalışırlar. Ancaq bu uzun zaman davam etmir və bir müddət keçdikdən sonra artıq özünü göstərməyə başlayır. Çünki olduğu kimi olmadığı üçün bir dönəmdən sonra bəy də artıq yorulmağa başlayır və etdiyi bir dönəmlik “sevgi və dəyər göstərişi” get-gedə azalır. Bu qadında da xəyal qırıqlığına, emosional yorğunluğa və aqressiyaya gətirib çıxardır. Ona görə təbii və dürüst davranış münasibətin sağlam təməllərinin qurulmasında önəm kəsb edən nüanslardan biridir”.

Psixoloq bəylərin xanımlarla ünsiyyət qurarkən etdikləri səhvlərdən də söz açıb:
“Bəzən bəylər həddindən artıq dərəcədə xanımları tənqid edirlər və ya zarafat adı altında tənqidlə yanaşırlar. Bir növ sözlərilə xanımları incidirlər. Ümumiyyətlə, bəylər xanımları incitdikdən sonra üzr istəməyi də bacarmalıdırlar. Ancaq təəssüflər olsun ki, bəylər bir çox hallarda üzr istəmirlər, hətta bu nüanslarda daha çox incidici zarafatlarla qarşı tərəfin fikirlərini, inciməsini kiçiltməyə çalışırlar. Belə davranışlar da münasibətlərdə hörmət hissini zəiflədir.

Bəylərin ən çox etdiyi səhvlərdən biri də qarşı tərəfin emosiyalarını nəzərə almamaqdır. Düşünürlər ki, problemi həll edirlərsə, xanımların duyğu və düşüncələrini anlamağa ehtiyac qalmır. Hərçənd ki, xanımlar, anlayış və emosional dəstək gözləyən varlıqdırlar. Ona görə də problemdən əlavə dinlənilmək, qarşılıqlı ünsiyyət və hörmət olmalıdır”.

Nabat Mirzəyeva fikirlərini belə davam etdirib:
“Kişilər həmişə qadınlara qarşı həssas yanaşılmalı və xanımın incəliyini, həssaslığını, zərifliyini nəzərə almalıdırlar. Çünki sağlam ünsiyyətin əsas prinsipləri hörmət, empatiya, diqqətli dinləmə və səmimiyyətdir. Bəylər bu prinsipə diqqət etdikdə, xanımlarla ünsiyyət daha rahatlaşır və balanslı və qarşılıqlı anlayış üzərində qurulur”.

Pərviz
 

0