Məktəb bufetləri illərdir həm valideynlərin, həm müəllimlərin, həm də aidiyyəti qurumların diqqət mərkəzində olan mövzulardan biridir.
Xüsusilə şagirdlərin sağlam qidalanması məsələsi gündəmə gəldikcə, məktəb bufetlərində satılan məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar daha da artır. Vaxtaşırı yayılan qida zəhərlənməsi xəbərləri isə bu sahədə nəzarətin yetərli olub-olmaması ilə bağlı suallar yaradır. Demək olar ki, hər il müxtəlif məktəblərdə şagirdlərin qidadan zəhərlənməsi ilə bağlı məlumatlar ictimai müzakirələrə səbəb olur.
Belə halların baş verməsinin əsas səbəblərindən biri bufetlərdə satılan bəzi məhsulların keyfiyyətsiz olması, gigiyenik qaydalara tam əməl edilməməsi və istifadə müddəti bitmiş qidaların satışa çıxarılması hesab olunur.
Nəzərə almaq lazımdır ki, məktəb yaşlı uşaqların immun sistemi tam formalaşmadığı üçün onlar keyfiyyətsiz qidalardan daha tez təsirlənirlər. Bu isə valideynlər arasında ciddi narahatlıq yaradır.
Hər hansı bir xoşagəlməz halın yaşanmaması üçün məktəb bufetlərində mütəmadi yoxlamaların aparılmalı, satılan məhsulların keyfiyyətinə ciddi nəzarət edilməli və uşaqların sağlamlığı üçün təhlükə yaradan halların qarşısı vaxtında alınmalıdır.
Xüsusi olaraq qeyd edək ki, təhsil müəssisələrində sağlam qidalanma mühitinin yaradılması həm şagirdlərin sağlamlığı, həm də onların tədris prosesində daha fəal iştirak etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Günel Cəlilova


