Tətildən sonra işə uyğunlaşmaq çətindir?

SOSİAL
11:51 / 01.06.2026
84

Bayram günlərindəki rahatlıq və sərbəst vaxtdan sonra iş mühitinə geri dönmək bəzi insanlar üçün asan olmur. 

Bir neçə günlük fasilədən sonra yenidən iş qrafikinə uyğunlaşmaq diqqətin toplanması, məhsuldarlığın bərpası və əvvəlki iş tempinə qayıtmaq baxımından müəyyən çətinliklərlə müşayiət oluna bilər. Bu dövrdə həm orqanizmin, həm də psixoloji vəziyyətin yeni ritmə uyğunlaşması üçün müəyyən zaman tələb olunur. 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, uzunmüddətli istirahət və bayram günlərindən sonra insanların yenidən iş ritminə qayıtması hər zaman asan olmur. Onun sözlərinə görə, bu dövrdə bəzi şəxslərdə motivasiya azalması, yorğunluq hissi, diqqətin dağılması və emosional gərginlik müşahidə edilə bilər: 

400830

“İş rejiminə uyğunlaşma prosesi adətən bir neçə gün çəkir. Bu müddətdə işləri prioritetləşdirmək və mərhələli şəkildə yerinə yetirmək adaptasiyanı daha rahat edir. İlk günlərdə bütün tapşırıqları eyni anda həll etməyə çalışmaq əvəzinə, vacib məsələlərə üstünlük vermək tövsiyə olunur. Ümumiyyətlə,  bayramdan sonrakı dövrdə gündəlik həyat tərzinin bərpası xüsusi əhəmiyyət daşıyır. 

Tətil günlərində dəyişən yuxu və qidalanma vərdişlərinin yenidən əvvəlki qaydaya salınması orqanizmin iş rejiminə daha tez uyğunlaşmasına kömək edir. Bununla yanaşı, iş mühitində müsbət münasibətlərin qorunması və xoş ünsiyyətin yaradılması da insanların özlərini daha rahat hiss etmələrinə şərait yaradır”.

Könül İsmayılova vurğulayıb ki, insanın peşəsini sevməsi və gördüyü işdən məmnunluq duyması işə dönüş prosesini xeyli asanlaşdıran əsas amillərdən biridir.

Günel Cəlilova

0