Son günlər sürücülər arasında ən çox müzakirə olunan məsələlərdən biri də yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə ballarıdır.
Xüsusilə, kiçik və təhlükəsizlik baxımından ciddi risk yaratmayan bəzi qayda pozuntularına görə həm maliyyə cəriməsinin, həm də cərimə balının tətbiq olunması narazılıq doğurur. Sürücülər hesab edirlər ki, yüksək məbləğdə cərimə ödədikləri halda əlavə olaraq bal sisteminin tətbiqi onlara qarşı ikiqat məsuliyyət tədbiri kimi görünür.
Bu səbəbdən cərimə balı sisteminə yenidən baxılması məsələsi gündəmə gəlib. Müzakirələrdə bəzi inzibati xətalar üzrə cərimə ballarının ləğv edilməsi və ya onların sayının azaldılması ehtimalı da səsləndirilir.
Maraqlıdır, yaxın perspektivdə müəyyən qayda pozuntularına görə cərimə ballarının tətbiqindən imtina olunması və ya sistemdə dəyişikliklərin edilməsi mümkündürmü?
Nəqliyyat eksperti Raqif Raufoğlu Hit.az-a açıqlamasında deyib ki, yol hərəkət qaydalarının bütün pozuntularına eyni yanaşmanın tətbiq edilməsi düzgün deyil:

“Təhlükəlilik səviyyəsi aşağı olan bəzi hallara görə sürücülərin cərimə balı ilə cəzalandırılması yenidən nəzərdən keçirilməlidir. Gələcəkdə müəyyən qayda pozuntularına görə bal tətbiqinin aradan qaldırılması və ya məhdudlaşdırılması mümkündür. Bunun əvəzində maliyyə sanksiyalarının sərtləşdirilməsi daha balanslı həll yolu kimi qiymətləndirilir”.
Ekspert hesab edir ki, cərimə balı sisteminin tam ləğvi müəyyən risklər yarada bilər:
“Belə ki, bəzi sürücülər yalnız pul cəriməsi ilə kifayətlənərək qaydaları təkrar pozmağa davam edə bilərlər. Bu baxımdan, həm intizamı qorumaq, həm də ədalətli yanaşmanı təmin etmək üçün bal sistemində qismən dəyişikliklərin edilməsi daha məqsədəuyğun sayılır”.
Günel Cəlilova

