06.06.26 tarixində ana olmaq istəyənlər ÇOXDUR

SOSİAL
12:02 / 05.06.2026
104

Azərbaycanda son dövrlərdə doğuş tarixinin əvvəlcədən planlaşdırılması halları daha çox müşahidə olunur. 

Xüsusilə cərrahi müdaxilə ilə dünyaya uşaq gətirməyi üstün tutan bəzi valideynlər övladlarının doğum gününün yaddaqalan və simvolik bir tarixə təsadüf etməsini istəyirlər. Həmin günlərdən biri də elə sabah 06.06.2026-dır. Artıq əksər doğum xəstəxanalarında sabah üçün növbələr tutulub. Analar övladını qarşıdakı günlərdə, öz vaxtında deyil sabah dünyaya gətirmək istəyir. 

Bu səbəbdən xüsusi məna daşıyan günlərə, təqvimdə nadir hallarda təkrarlanan rəqəm uyğunluqlarına və ya əlamətdar hadisələrlə üst-üstə düşən tarixlərə maraq artır. Belə günlərdə doğuşların sayında müəyyən artım müşahidə olunur.

Psixoloq Zeynəb Əyyubova Hit.az-a açıqlamasında deyib ki, insanların müəyyən tarixlərə maraq göstərməsi təsadüfi deyil: 

401165

“Xüsusilə rəqəmlərin ahəng təşkil etdiyi və ya asan yadda qaldığı günlər bir çoxları üçün adi tarixdən daha fərqli görünür. Belə günlər seçildikdə insanlarda qərarlarının daha düşünülmüş və xüsusi olduğu hissi formalaşır”.

Ekspertin fikrincə, insanlar mühüm hadisələri planlaşdırarkən bəzən məntiqi səbəblərlə yanaşı, emosional amillərə də üstünlük verirlər: 

“Xüsusi hesab edilən tarixlər gələcəklə bağlı narahatlığı azaltmağa kömək edir və insanlara öz seçimlərindən daha çox əminlik hissi verir. Ümumiyyətlə, tarixlərə simvolik məna vermək cəmiyyətlərdə uzun illərdir mövcud olan bir yanaşmadır. 

Keçmişdə insanlar müxtəlif əlamətlərə və inanclara önəm verdikləri kimi, bu gün də bəzi şəxslər müəyyən günləri digərlərindən fərqləndirirlər. Bu, daha çox insanın hadisələrə emosional və mənəvi çalar qatmaq istəyindən irəli gəlir”.

Günel Cəlilova

0