Şəhərətrafı qəsəbələrdə yaşayanların yol problemi…

SOSİAL
18:59 / 05.06.2026
48

Şəhərətrafı qəsəbələrdə, yeni salınmış yaşayış massivlərində və bəzi kəndlərdə yolların vəziyyəti uzun illərdir sakinlərin əsas problemlərindən biri olaraq qalır. 

Bir çox küçə və məhəllədaxili yollar ya ümumiyyətlə asfalt örtüyünə malik deyil, ya da mövcud örtük tamamilə yararsız vəziyyətə düşüb. Yağışlı havalarda bu yollar palçıq dənizinə çevrilir, quru günlərdə isə toz-torpaq sakinlərin gündəlik həyatını çətinləşdirir.

Problem tək bununla bitmir. 

Belə ki, yolların bərbad vəziyyətdə olması nəqliyyatın hərəkətinə də ciddi təsir göstərir. Bəzi hallarda taksi sürücüləri avtomobillərinə ziyan dəyəcəyindən ehtiyat edərək həmin ərazilərə sifariş qəbul etmək istəmir və ya əlavə ödəniş tələb edirlər. Bu isə sakinlərin şəhərlə əlaqəsini çətinləşdirir, xüsusilə yaşlıların, uşaqların və xəstələrin hərəkət imkanlarını məhdudlaşdırır.

Problemin daha diqqətçəkən tərəfi isə odur ki, bəzi ərazilərdə sakinlər dövlət qurumlarından dəstək görmədikləri üçün öz aralarında vəsait toplayaraq yolların təmirini və ya asfaltlanmasını həyata keçirməyə məcbur qalırlar. Halbuki yol infrastrukturu dövlətin və yerli idarəetmə orqanlarının məsuliyyət sahəsinə aid olan məsələlərdən biridir.

Onu da nəzərə almaq lazımdır ki, məhəllədaxili və küçədaxili yolların vəziyyətinin yaxşılaşdırılması yalnız nəqliyyat rahatlığı baxımından deyil, həm də təhlükəsizlik, təcili tibbi yardım, yanğınsöndürmə və digər vacib xidmətlərin operativ fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. 

Bu səbəbdən problemin mərhələli şəkildə həlli və həmin ərazilərin yol infrastrukturunun yenilənməsi ilə bağlı daha sistemli tədbirlərin görülməsinə ehtiyac var. 

Günel Cəlilova

0