Bakıda geyim mədəniyyəti ətrafında müzakirələr yenidən aktuallaşıb.
Son günlər İçərişəhərdə baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Yayılan görüntülərdə şortik geyinmiş bir gənclə yaşlı şəxs arasında söz mübahisəsinin yaşandığı əks olunub.
İddialara görə, tərəflər arasında yaranan gərginliyə səbəb gəncin geyim tərzi olub. Videoda yaşlı kişinin gəncə irad bildirdiyi, hətta onu ərazidə bir daha görmək istəmədiyini ifadə etdiyi eşidilir. Hadisə ictimaiyyətdə fərqli reaksiyalara səbəb olub və geyim seçiminə müdaxilə məsələsini yenidən gündəmə gətirib.
Ümumiyyətlə, ictimai yerlərdə şortik geyinən şəxslərə qarşı sərgilənən mənfi münasibət zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəzi insanlar bunu şəxsi seçim və rahatlıq məsələsi kimi qiymətləndirsələr də, digərləri ənənəvi baxışlardan çıxış edərək belə geyimləri uyğun hesab etmirlər. Məhz bu fikir ayrılığı bəzən qarşıdurmalara, hətta kobud rəftara səbəb olur.
Lakin geyim zövqü və ya seçimi fərqli olsa belə, heç kimin başqa bir şəxsi təhqir etməsi, alçaltması və ya ona qarşı aqressiv davranması qəbulolunan deyil. Nəzərə almaq lazımdır ki, ictimai münasibətlər qarşılıqlı hörmət prinsipi üzərində qurulmalı, fərqli seçimlərə dözümlə yanaşılmalıdır. Çünki şəxsin geyimi onun təhqir olunması və ya təzyiqə məruz qalması üçün əsas hesab edilə bilməz.
Həmçinin, yay aylarında havaların istiləşməsi ilə insanların geyim seçimləri də dəyişir. Xüsusi olaraq bildirək ki, hər bir insanın qanun çərçivəsində geyim seçmək hüququ var və fərqli zövqlərə hörmətlə yanaşmaq vacibdir. Cəmiyyətin inkişafının əsas göstəricilərindən biri də insanların bir-birinin seçimlərinə dözümlü münasibət göstərməsidir. Geyim tərzi ilə razılaşmamaq mümkündür, lakin bu, qarşı tərəfi təhqir etmək və ya alçaltmaq üçün əsas ola bilməz.
Bu səbəbdən ictimai münasibətlərdə qarşılıqlı hörmət və tolerantlığın qorunması, fərqli baxışlara anlayışla yanaşılması mühüm əhəmiyyət daşıyır.
Günel Cəlilova


