Manipulyativ insanları necə tanıyaq?

SOSİAL
13:15 / 16.06.2026
119

“Manipulyativ insanlarla münasibətdə ən təhlükəli məqam onların sizi idarə etməsi deyil. Ən təhlükəlisi odur ki, bir müddət sonra siz bunun fərqinə varmırsınız”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hər şey çox sadə başlayır:


“Qarşınızdakı insan sizə tez-tez özünüzü günahkar hiss etdirir, qərarlarınızı sorğulayır, hisslərinizi kiçildir və ya hər mübahisədə özünü qurban kimi göstərir. Siz isə münasibəti qorumaq, problem yaratmamaq və ya qarşı tərəfi itirməmək üçün geri addım atırsınız.

Zaman keçdikcə özünüzü qəribə hiss etməyə başlayırsınız. Sanki nə etsəniz də kifayət etmir. Nə qədər anlayış göstərsəniz də, nə qədər güzəştə getsəniz də, yenə də nəyisə səhv etdiyiniz hissi yaranır”.

Ekspert vurğulayıb ki, manipulyasiya məhz bunun üzərində qurulur:
“Manipulyator sizin məntiqinizə deyil, hisslərinizə təsir edir. O istəyir ki, siz özünüzdən şübhələnəsiniz, öz hisslərinizə inanmayasınız və onun dediklərini həqiqət kimi qəbul edəsiniz. Belə insanlar çox vaxt açıq şəkildə pis görünmürlər. 

Əksinə, onlar çox qayğıkeş, mehriban, hətta fədakar görünə bilərlər. Amma hər dəfə öz istəyinizi ifadə etdikdə incimələri, sərhəd qoyduqda aqressivləşmələri və ya sizi günahkar çıxarmaları təsadüf deyil. Çünki onların məqsədi münasibətdə bərabərlik yaratmaq deyil, nəzarəti əllərində saxlamaqdır”. 

Psixoloq qeyd edib ki, manipulyativ insanlarla mübarizə aparmaq üçün ilk növbədə onların sizi dəyişdirməsinə yox, özünüzü qorumağa fokuslanmalısınız:
“Hər dəfə özünüzü müdafiə etməyə çalışdıqca daha çox izahat verməyə məcbur olursunuz. Hər dəfə öz haqlılığınızı sübut etməyə çalışdıqca daha çox mübahisənin içinə çəkilirsiniz. Halbuki hər ittihama cavab vermək məcburiyyətində deyilsiniz. Hər kəsin sizi anlamasını təmin etmək də sizin vəzifəniz deyil. 

Ən vacib addımlardan biri sərhəd qoymağı öyrənməkdir. Sərhəd qoymaq kobudluq deyil. Sərhəd qoymaq özünüzə hörmət etməyin bir formasıdır. Siz kiminsə istədiyi hər şeyi etmək məcburiyyətində deyilsiniz. Siz kiminsə rahatlığı üçün öz rahatlığınızdan imtina etmək məcburiyyətində deyilsiniz. Siz “yox” dediyiniz üçün pis insan olmursunuz”. 

Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, manipulyativ insanlarla münasibətdə bir həqiqəti qəbul etmək lazımdır:
“Onlar, sizin dəyişməyinizi istəyirlər, amma özləri dəyişmək istəmirlər. Siz nə qədər anlayışlı olsanız da, nə qədər səbir göstərsəniz də, əgər qarşı tərəf sizi davamlı olaraq günahkar, dəyərsiz və ya borclu hiss etdirirsə, problem sizdə deyil.

Sağlam münasibətlərdə insan özünü davamlı müdafiə etmək məcburiyyətində qalmır. Sağlam münasibətlərdə insan öz fikrini söylədiyi üçün cəzalandırılmır. Bəzən insanlar düşünür ki, manipulyativ insanlardan qorunmaq üçün daha güclü olmaq lazımdır. Əslində isə daha şüurlu olmaq lazımdır”.

Həmsöhbətimiz əlavə edib ki, manipulyatorun ən böyük silahı sizin zəifliyiniz deyil, sizin vicdanınız, mərhəmətiniz və hər kəsi xoşbəxt etmək istəyinizdir: 
“O, məhz bu xüsusiyyətlərdən istifadə edir. Bir insanın sizdən narazı qalması həmişə sizin səhv etdiyiniz mənasına gəlmir. Bəzən bu, sadəcə sizin ilk dəfə öz sərhədlərinizi qoruduğunuzun göstəricisidir.

Özünüzü itirəcəyiniz münasibəti qorumaqdansa, özünüzü qorumağı seçin. Çünki insanın psixoloji sağlamlığını ən çox dağıdan şey tək qalmaq deyil, özünü itirdiyi münasibətlərin içində qalmaqdır”.

Pərviz

0