Harvard Universitetinin klinik psixoloqu, doktor Sabrina Romanoof CNBC üçün yazdığı məqalədə tanışlıqlarla bağlı geniş yayılmış və münasibətləri zədələyən bir mifə aydınlıq gətirib.
HİT.az xəbər verir ki, o, bir çox insanın “qırmızı bayraq” kimi qəbul etdiyi emosional ehtiyacın əslində yetkinliyin göstəricisi ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, söhbət hisslərin təsdiqlənməsinə ehtiyacdan gedir və müasir tanışlıq mədəniyyəti bu ehtiyacı çox vaxt asılılıq və ya obsesivlik kimi yanlış təqdim edir.
Romanoof qeyd edib ki, bu ehtiyac əslində “qırmızı bayraq” deyil.
O bildirib ki, “mənə hər şey maraqsızdır” yanaşması və həddindən artıq soyuqqanlı davranış müasir münasibətlərdə ideal kimi təqdim olunur. Buna “swipe” mədəniyyəti də təsir edir.
“Bu mədəniyyət insanlara həssaslığın zəiflik olduğunu öyrədir. Halbuki həssaslıq olmadan həqiqi münasibət qurmaq mümkün deyil. Əks halda insanlar sadəcə rol oynayır", deyə o vurğulayıb.
Professor əlavə edib ki, yeni münasibətlər keçmiş travmaları, tərk edilmə və rədd olunma qorxularını üzə çıxara bilər, buna görə də narahatlıq normaldır. Münasibətdə “harada olduğunuzu anlamaq” istəyi isə həmin əlaqənin sizin üçün vacib olduğunu göstərir.
“Bu, zəiflik deyil. Təsdiq ehtiyacı – sizin maraqlı olduğunuzu və emosional olaraq bağlı olduğunuzu göstərən bir əlamətdir", deyə Romanoof bildirib.
O həmçinin vurğulayıb ki, sağlam münasibətin “yaşıl bayrağı” ehtiyacların açıq şəkildə ifadə edilməsidir.
“Emosional təhlükəsizlik o zaman yaranır ki, siz ehtiyaclarınızı açıq deyə bilirsiniz və tərəfdaş onları eşidə bilir… Əsl emosional yetkinlik ehtiyacları birbaşa ifadə etmək cəsarətidir", deyə klinik psixoloq qeyd edib.
Samir


