Gənclərin aqressiyasına səbəb nədir?

SOSİAL
12:58 / 16.07.2026
167

Bəzən bir söz, kiçicik irad və ya adi fikir ayrılığı gənclər arasında gözlənilmədən sərt mübahisəyə, hətta aqressiv davranışa çevrilir. 

Sanki səbir həddi getdikcə daralır, əsəb və gərginlik isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Bu mənzərə cəmiyyətdə ciddi narahatlıq doğurur və bir sualı gündəmə gətirir: Müasir gəncləri bu qədər aqressiv edən nədir? Görəsən, bunun kökündə ailə münasibətləri, sosial şəbəkələrin təsiri, psixoloji gərginlik, yoxsa gələcəklə bağlı artan narahatlıqlar dayanır?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, aqressiv davranışların artması təkcə fərdi xüsusiyyətlərlə deyil, həm də sosial, psixoloji və iqtisadi amillərlə bağlıdır: 

404756

“Aqressiya əksər hallarda səbəbsiz yaranmır. Aqressiya yığılan stressin, emosional gərginliyin, özünü ifadə edə bilməməyin və çıxılmazlıq hissinin davranışa çevrilmiş formasıdır. Sosial şəbəkələr gənclərin həyatında mühüm yer tutur. 

Burada davamlı müqayisə, tənqid, kiberzorakılıq, izlənilmə və bəyənilmə istəyi psixoloji gərginliyi artırır. Virtual mühitdə sərt və aqressiv ünsiyyətə tez-tez rast gəlinməsi də bəzi gənclərin bu davranış modelini real həyata daşımasına səbəb olur”.

Həmsöhbətimiz hesab edir ki, ailə mühiti də vəziyyətin bu həddə çatmasında mühüm rol oynayır:

“Valideynlərlə sağlam ünsiyyətin olmaması, ailədaxili münaqişələr, laqeyd münasibət və ya həddindən artıq təzyiq gənclərdə özünəinamın azalmasına, emosiyalarını idarə etməkdə çətinlik çəkməsinə gətirib çıxara bilər. Belə hallarda aqressiya bəzən kömək çağırışı və ya daxili narahatlığın ifadəsinə çevrilir”.

Psixoloqun fikrincə, təhsil, iş, karyera və maddi təminatla bağlı narahatlıqlar da gənclərin psixoloji vəziyyətinə təsir edir:

“Gələcəklə bağlı qeyri-müəyyənlik, yüksək gözləntilər və uğur qazanmaq təzyiqi uzunmüddətli stress yaradır. Bu isə səbir həddinin azalmasına, emosional gərginliyin artmasına və aqressiv reaksiyalara səbəb ola bilər. Sağlam cəmiyyət formalaşdırmaq üçün gənclərin təkcə biliyinə deyil, həm də psixoloji rifahına və emosional inkişafına diqqət yetirilməsi vacibdir”.

Günel Cəlilova

0