Erkən nikahlar uşaqların təhsil almaq, sağlam inkişaf etmək və gələcək həyatlarını sərbəst qurmaq hüquqlarını ciddi şəkildə məhdudlaşdırır.
Məhz buna görə də belə hallara görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub və hüquq-mühafizə orqanları bu istiqamətdə aşkarlanan faktlarla bağlı ciddi tədbirlər görür. Qeyd edək ki, son illər ölkədə erkən nikahların qarşısının alınması istiqamətində maarifləndirmə tədbirləri genişləndirilsə də, ayrı-ayrı rayonlarda hələ də bu kimi qanun pozuntularına rast gəlinir.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri, sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda uşaqların erkən yaşda ailə qurmağa sövq edilməsi dövlət tərəfindən ağır hüquq pozuntusu kimi qiymətləndirilir və bu əməllərə görə Cinayət Məcəlləsində ciddi sanksiyalar nəzərdə tutulub:

“Qanun azyaşlı və ya yetkinlik yaşına çatmayan şəxsi nikaha razı salan, təzyiq göstərən və ya buna məcbur edən şəxslər barəsində həm iri məbləğdə maliyyə sanksiyası, həm də uzunmüddətli azadlıqdan məhrumetmə cəzasının tətbiqinə imkan verir. Belə əməllərə görə 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək həbs cəzası tətbiq olunur. Məsuliyyət yalnız uşağı evləndirən valideyn və ya qohumun üzərinə düşmür”.
Ekspert diqqətə çatdırıb ki, erkən nikahın baş tutmasına hər hansı formada dəstək verən, mərasimin təşkilində iştirak edən və ya bu prosesə şərait yaradan digər şəxslər də qanun qarşısında cavab verməli olur:
“Bununla yanaşı, yetkinlik yaşına çatmış şəxsin 18 yaşdan kiçik biri ilə ailə qurması zamanı tərəflər arasındakı yaş fərqi 5 ildən artıq olarsa, həmin hal ayrıca cinayət tərkibi kimi qiymətləndirilir və bu da hüquqi məsuliyyət yaradır. Unutmayaq ki, uşaqların taleyi ilə bağlı qərarlar valideynlərin şəxsi seçimi deyil, qanunla qorunan hüquq məsələsidir”.
Günel Cəlilova


