2026-cı ilin ilk 6 ayı ərzində 38-i qız, 39-u oğlan olmaqla 77 uşaq övladlığa verilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib.
Bildirilib ki, onlardan 21 nəfəri 0-1, 20 nəfəri 2-3, 17 nəfəri 4-6, 12 nəfəri 7-11, 7 nəfəri 12-18 yaş arası uşaqlardır.
Agentlikdən verilən məlumatda vurğulanıb ki, qeyd edilən dövrdə əcnəbi vətəndaşlar tərəfindən övladlığagötürmə faktı qeydə alınmayıb.
"Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, eləcə də onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İnstitusional qayğıdan ailə əsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş aparılır. Məqsəd hər bir uşağın təhlükəsiz və sağlam ailə mühitində böyüməsini təmin etməkdir", - deyə məlumatda qeyd olunub.


