Ən böyük səhv düşüncələrdən biri: “Evlənsin, düzələr”...

SOSİAL
10:32 / 03.08.2026
231

“Ən çox eşitdiyimiz cümlələrdən biri “Evlənsin, düzələr”dir”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sanki evlilik insanın bütün problemlərini həll edən bir vasitə kimi görünür:


“Aqressivdirsə, məsuliyyətsizdirsə və ya psixoloji çətinlikləri varsa “evlənsin düzələr” deyirlər. Hətta bəzi hallarda asılılıqları və ya davranış problemləri olan insanlar haqqında belə bu fikir səsləndirilir. Lakin bu düşüncə həm elmi, həm də psixoloji baxımdan yanlışdır. Unutmayın ki, evlilik müalicə və ya terapiya deyil. Evliliyi insanın şəxsiyyətini bir gündə dəyişdirən sehrli hadisə kimi dəyərləndirmək səhvdir”.

Ekspert qeyd edib ki, insan evlənəndə xarakterini qapının ağzında qoymur:
“O, bütün düşüncə tərzini, davranışlarını, travmalarını, qorxularını, emosional yaralarını, ünsiyyət bacarığını və həyat vərdişlərini özü ilə birlikdə evliliyə gətirir. Əgər bir insan qəzəbini idarə edə bilmirsə, evlilik onu sakitləşdirməyəcək.

O, məsuliyyətdən qaçırsa, nikah onu avtomatik məsuliyyətli etməyəcək. Empatiya qurmağı bacarmırsa, evlilik ona bu bacarığı qazandırmayacaq. Əksinə, gündəlik həyatın gətirdiyi yeni məsuliyyətlər və stresslər həmin problemləri daha da görünən hala gətirə bilər”.

Psixoloq diqqətə çatdırıb ki, bəzən ailələr həyat yoldaşının övladlarını dəyişəcəyini düşünürlər:
“Bu isə çox ağır bir yükdür. Heç kim başqa bir insanı dəyişmək və ya “düzəltmək” üçün evlənməməlidir. Çünki hər kəs ilk növbədə öz inkişafına görə özü məsuliyyət daşıyır. Sağlam münasibət iki insanın bir-birini sağaltmağa çalışdığı yer deyil. Sağlam münasibət iki yetkin insanın bir-birinə dəstək olduğu, hörmət etdiyi, məsuliyyəti paylaşdığı və birlikdə inkişaf etdiyi bir münasibətdir. 

Əgər insanın psixoloji çətinlikləri, uşaqlıq travmaları, ünsiyyət problemləri və ya emosional tənzimləmə çətinlikləri varsa, bunların həlli evlilikdən əvvəl başlamalıdır. Psixoloji dəstək almaq, özünü tanımaq, davranışlarını dəyişmək və sağlam münasibət qurmağı öyrənmək daha doğru yoldur. Çünki evlilik problemləri gizlətmir, əksinə onları daha görünən edir”.

Ülviyyə Ağazadə vurğulayıb ki, sevgi vacibdir, amma təkbaşına bütün problemləri həll etmir:
“Sağlam evlilik üçün sevgi ilə yanaşı, emosional yetkinlik, qarşılıqlı hörmət, məsuliyyət, ünsiyyət bacarığı və öz üzərində işləmək də lazımdır. Ona görə də “evlənsin, düzələr” demək əvəzinə, “özünü inkişaf etdirsin, psixoloji cəhətdən hazır olsun, sonra evlilik haqqında qərar versin” demək həm insanın özü, həm də gələcək ailəsi üçün daha sağlam yanaşmadır. Nəzərə alın ki, evlilik bir insanı dəyişdirmək üçün deyil, iki hazır insanın birlikdə sağlam həyat qurması üçündür”.

Pərviz

0