Subay qadın əməkdaşlar evli qadınlarla müqayisədə iş yerində daha çox əlavə yükə məruz qalırlar və bu, peşəkar tükənməyə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə klinik, böhran və ailə psixoloqu Liliya Qladkix "RIAМО"ya müsahibəsində bildirib.
Psixoloqun sözlərinə görə, peşəkar tükənmə erkən mərhələdə aşkar edilməsi çətin olan bir prosesdir.
"İnsanlar adətən yalnız əhval-ruhiyyənin pisləşməsi, apatiya, həyata marağın azalması, libidonun zəifləməsi və gələcəyə pessimist baxış kimi əlamətləri hiss edirlər. Lakin çox nadir hallarda bu simptomları məhz peşə fəaliyyəti ilə əlaqələndirirlər", deyə o bildirib.
Liliya Qladkix qeyd edib ki, bu vəziyyətin əsas səbəblərindən biri patriarxal stereotiplərə əsaslanan "azad həmkar sindromu"dur.
Onun sözlərinə görə, işəgötürənlər çox vaxt şüuraltı şəkildə evli qadın əməkdaşlara daha həssas yanaşırlar. Onlar hesab edirlər ki, evli qadınların ailə öhdəlikləri və daha möhkəm şəxsi sərhədləri var. Buna görə də belə əməkdaşlara ödənişsiz əlavə iş və ya həftəsonu işləmək daha az təklif olunur.
Əksinə, subay qadınlar işdən daha çox asılı və öz hüquqlarını müdafiə etmək baxımından daha zəif hesab olunduqları üçün əlavə iş yükü daha çox onların üzərinə qoyulur.
Psixoloq əlavə edib ki, ailəli rəhbərlər də bəzən öz ailə təcrübələrini tabeliyində çalışanlara şamil edirlər. Nəticədə subay qadın əməkdaşlar ağır peşəkar tükənmə riski ilə daha çox üzləşirlər.
Samir


