Sosial şəbəkələr uzun müddətdir həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bir çox şəxs sosial şəbəkələrdə böyük kütlələlər xitab etməyi bacarırılar. Hətta bunu pula çevirən, reklam gəlirləri qazanan insanlar var. Bəzi şəxslərsə fərqli yol izləyirlər. Belə ki, böyük kütlə yığmağı və aktiv hesab formalaşdırmağı bacarmayan şəxslər panellərə yönəlirlər.
Yəni saxta yolla izləyicilərini, bəyənmə sayılarını və digər göstəriciləri artırlar. Lakin son zamanlarda sosial şəbəkələr belə hərəkətlərə qarşı daha sərt addımlar atır. Yaxın ərəfələrdə çox sayda məşhurun izləyiciləri arasından bot hesablar silindi, hətta bəzi hesablar bağlandı.
Bəs indiki vəziyyətdə paneldən istifadə etmək istəyən insanlar nələrə diqqət etməlidir? Bunun hansı zərərləri ola bilər?
Mövzu ilə bağlı SMM mütəxəssisi Zahidə Səməd Hit.az-a açıqlamasında bildirib ki, paneldən istifadə etmək tövsiyə olunmur:
“Çünki son aylarda sosial media platformaları, xüsusilə “Instagram”, saxta aktivliklə bağlı qaydaları daha da sərtləşdirib. Bunun nəticəsində bot hesablar silinir, qeyri-təbii izləyici və bəyənmə axını aşkarlanır, hətta bu xidmətləri təqdim edən bir çox panel və hesablar da bağlanır.
Buna baxmayaraq, kimsə paneldən istifadə etməyi düşünürsə, bilməlidir ki, bunun müəyyən riskləri var. Ən böyük risk hesabın etibarlılığını itirməsidir. Süni izləyicilər və ya bəyənmələr qısa müddətdə rəqəmləri artırsa da, real auditoriya və satış yaratmır.
Əksinə, paylaşımın baxış sayı və çatımları zamanla azala bilər. Nəzərə almaq lazımdır ki, platformanın alqoritmi qeyri-təbii aktivliyi müəyyən etdikdə hesabın performansını məhdudlaşdıra bilir”.
Ekspert diqqətə çatdırıb ki, bəzi panellər istifadəçidən giriş məlumatlarını tələb edir:
“Bu isə hesabın təhlükəsizliyi baxımından ciddi risk yaradır. Hesabın ələ keçirilməsi və ya təhlükəsizlik problemləri ilə qarşılaşmaq ehtimalı da nəzərə alınmalıdır. Belə hallarda hesabın xəbərdarlıq alması, müəyyən funksiyalarının müvəqqəti məhdudlaşdırılması və ya təkrar qayda pozuntuları olduqda daha ciddi tədbirlərlə üzləşməsi mümkündür. Riskin dərəcəsi istifadə olunan xidmətin növündən və platformanın həmin fəaliyyəti necə qiymətləndirməsindən asılıdır.
Fikrimcə, sosial şəbəkələrdə uzunmüddətli uğur üçün ən doğru yol keyfiyyətli kontent hazırlamaq, düzgün strategiya qurmaq və real auditoriya formalaşdırmaqdır. Bu, bəlkə daha çox vaxt tələb edir, amma həm hesabın təhlükəsizliyi, həm də brend etibarı baxımından ən sağlam və davamlı yanaşmadır”.
Elmir Mustafa



