Ali təhsil müəssisələrinə qəbul planı hər il abituriyentlərin seçimlərinə birbaşa təsir göstərən əsas amillərdən biri hesab olunur. Bu göstərici hər il seçim prosesində də müəyyən rol oynayır. Bununla yanaşı, ən çox tələbə qəbul edən ali təhsil müəssisələrinin təhsil keyfiyyəti, nüfuzu və əmək bazarındakı mövqeyi ilə bağlı da müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır, 2026/2027-ci tədris ilində ən çox tələbə qəbul edəcək universitetlər hansılar olacaq və bu ali məktəblərə marağı formalaşdıran əsas amillər nələrdir?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ən çox tələbə qəbulu aparacaq ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti yer alır.
Onun sözlərinə görə, bu universitetlərin daha çox tələbə qəbul etməsi həm plan yerlərinin sayından, həm də onların abituriyentlər arasında formalaşmış nüfuzundan irəli gəlir:
“2026/2027-ci tədris ilində ən çox tələbə qəbul edən universitetlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Çünki bu ali təhsil müəssisələrində daha çox qəbul planı nəzərdə tutulub”.
Ekspert bildirib ki, bəzi universitetlərin üstünlük qazanmasının səbəblərindən biri də onların beynəlxalq reytinqlərdə yer almasıdır:
“Nümunə olaraq, Bakı Dövlət Universiteti dünya reytinqlərində Azərbaycandan ən çox tanınan universitetlərdən biridir və yüksək pillələrdə qərarlaşıb. Təhsil keyfiyyəti ilə bağlı müxtəlif yanaşmalar olsa da, yenə də abituriyentlərin ən çox üstünlük verdiyi ali məktəblərdən biridir”.
E.Əfəndinin sözlərinə görə, digər aparıcı universitetlərə maraq da müxtəlif amillərlə bağlıdır:
“Azərbaycan Dövlət İqtisad Universitetinə həm təhsil keyfiyyətinə, həm də plan yerlərinin çoxluğuna görə üstünlük verilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də həm tədris keyfiyyəti müsbət qiymətləndirilir, həm də qəbul planı genişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti də qəbul planının həcminə görə ən çox tələbə qəbul edən ali məktəblər sırasındadır”.
Ekspert hesab edir ki, plan yerlərinin çoxluğu ilə yanaşı, təhsil keyfiyyəti də həmin universitetlərin daha çox tələbə qəbul etməsinə şərait yaradır:
“Təbii ki, həm təhsil keyfiyyəti, həm də plan yerlərinin çoxluğu həmin universitetlərin daha çox tələbə qəbul etmək imkanlarını genişləndirir”.
Təhsil eksperti Əmrah Həsənli isə deyib ki, 2026/2027-ci tədris ili üzrə qəbul planı tam açıqlanmadığı üçün hazırda hansı universitetin ən çox tələbə qəbul edəcəyini qəti şəkildə söyləmək mümkün deyil.
Onun sözlərinə görə, əvvəlki illərin statistikasına əsasən, ən böyük qəbul planına malik ali təhsil müəssisələri artıq formalaşıb:
“Hazırda ali təhsil müəssisələrinin qəbul planı tam açıqlanmadığı üçün konkret olaraq hansı universitetin ən çox tələbə qəbul edəcəyini demək doğru olmazdı. Amma əvvəlki illərin statistikasına əsasən, ən böyük qəbul planına malik ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti yer alır. Rəsmi plan yerləri açıqlandıqdan sonra bu barədə daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq”.
Ekspert həmçinin vurğulayıb ki, ən çox tələbə qəbul edən universitetlərə marağı yalnız təhsil keyfiyyəti ilə əlaqələndirmək düzgün yanaşma deyil:
“Burada bir neçə amil rol oynayır. İlk növbədə, həmin universitetlərdə qəbul planı daha geniş olur və daha çox ixtisas təklif edilir. Digər tərəfdən, uzun illər formalaşmış nüfuz, məzunların əmək bazarındakı mövqeyi, universitetin yerləşdiyi coğrafi məkan, dövlət sifarişli yerlərin sayı və təhsil haqları da abituriyentlərin seçiminə ciddi təsir göstərir”.
Ə.Həsənli qeyd edib ki, təhsil keyfiyyəti mühüm amillərdən biri olsa da, yüksək qəbul göstəricisi universitetin avtomatik olaraq daha keyfiyyətli olması anlamına gəlmir:
“Əlbəttə, təhsil keyfiyyəti də mühüm faktordur. Lakin yüksək qəbul göstəricisini təkbaşına universitetin keyfiyyət göstəricisi kimi qiymətləndirmək düzgün deyil. Burada əsas meyar məzunların məşğulluq səviyyəsi, tədrisin keyfiyyəti, elmi fəaliyyət və əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır”.


