Uşağın nitqindəki iki söz depressiya riskinin artdığını göstərə bilər

SOSİAL
17:47 / 05.08.2026
45

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, uşaqların nitqində “həmişə” və “heç vaxt” kimi ümumiləşdirici ifadələrin tez-tez işlədilməsi gələcəkdə təşviş və depressiya riskinin yüksək olması ilə əlaqəli ola bilər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Mental Health" jurnalında dərc olunub.

Tədqiqatda əvvəllər stress yaradan hadisələrlə üzləşmiş 9–13 yaş arasında 200-dən çox uşaq iştirak edib. Alimlər süni intellektə əsaslanan dil təhlili alətlərindən istifadə edərək uşaqların danışıq nümunələrini analiz edib və nitq xüsusiyyətlərini sonradan yaranan psixi pozuntularla müqayisə ediblər.

Araşdırma göstərib ki, bəzi nitq xüsusiyyətləri psixi pozuntuların inkişaf riskinin artması ilə əlaqəlidir. Belə ki, “həmişə” və “heç vaxt” kimi qəti ifadələrin tez-tez işlədilməsi təşviş və depressiya ehtimalının daha yüksək olması ilə əlaqələndirilib. Eyni zamanda, nitqdə önlüklərin daha çox istifadə olunduğu mürəkkəb cümlə quruluşu gələcəkdə özünənəzarətlə bağlı problemlərin yaranmasını proqnozlaşdırıb.

Bunun əksinə olaraq, nitqində “o”, “onlar” kimi üçüncü şəxs əvəzliklərindən daha çox istifadə edən uşaqlarda psixi pozuntuların inkişaf riski daha aşağı olub. Tədqiqat müəlliflərinin fikrincə, bu nitq üslubu uşağın diqqətinin yalnız öz hisslərinə deyil, ətraf aləmə də yönəldiyini göstərə bilər.

Tədqiqatçılar uşaqların danışdıqları hekayələrin məzmununu da təhlil ediblər. Məzmun psixi pozuntuların yaranma ehtimalını nitq xüsusiyyətləri qədər dəqiq proqnozlaşdırmasa da, gələcək simptomların ağırlıq dərəcəsini qiymətləndirməyə imkan verib.

Ən mənfi göstəricilər münaqişə, zorakılıq, qorxu və sosial təcrid mövzularını əhatə edən hekayələrdə müşahidə olunub. Hobbi, idman, ev heyvanları və gündəlik həyat haqqında danışan uşaqlarda isə psixi problemlərin inkişaf riski daha aşağı olub.

Tədqiqat müəllifləri hesab edirlər ki, nitqin təhlili gələcəkdə psixoloji dəstəyə ehtiyacı ola biləcək uşaqların erkən mərhələdə müəyyənləşdirilməsi üçün sadə və əlçatan üsula çevrilə bilər.

Samir


 

0