Rəqəmsal platformalarda azyaşlıların hüquqlarının və təhlükəsizliyinin qorunması istiqamətində Azərbaycanda yeni hüquqi mərhələ başlayıb.
Son qanun dəyişiklikləri 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsinə d air yeni tələblər müəyyən edir. Prezident İlham Əliyevin imzaladığı qanun paketi İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara edilən düzəlişlərin qüvvəyə minməsini təmin edib.
Qəbul olunan yeniliklər internet mühitində uşaqların təhlükələrlə üzləşmə ehtimalını azaltmaq, onların yaşına uyğun olmayan məzmunun təsirindən müdafiəsini gücləndirmək və rəqəmsal təhlükəsizlik mexanizmlərini təkmilləşdirmək məqsədi daşıyır.
Yeni hüquqi tənzimləmələrin tətbiqi azyaşlıların sosial media vərdişlərinə, valideyn nəzarətinə və ümumilikdə cəmiyyətin rəqəmsal davranışına hansı təsirləri göstərəcək?
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında bildirib ki, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə hesab yaratmasına qoyulan məhdudiyyət onların psixoloji və emosional baxımdan xarici təsirlərə daha həssas olması ilə əlaqədardır:

“Uşaqlar inkişaf mərhələsində olduqları üçün ətraf mühiti tam qiymətləndirə bilmir, gördüklərini asanlıqla mənimsəyir, davranışları təqlid edir və özlərinə nümunə seçdikləri şəxslərin təsiri altına düşürlər. Müasir rəqəmsal platformalar azyaşlıların dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. İnternetdə qarşılaşdıqları məzmun onların davranışına, tərbiyəsinə, dəyərlərinə və gündəlik həyat tərzinə birbaşa təsir edə bilir”.
Onun sözlərinə görə, nəzarətsiz sosial media istifadəsi uşaqlarda ekran asılılığının yaranmasına, aqressiv davranışların artmasına və manipulyativ məzmunun təsiri altına düşməsinə səbəb ola bilər:
“Məhz buna görə də 16 yaş həddinin müəyyənləşdirilməsi uşaqların hələ hadisələri tam dərk etmədiyi və yanlış məlumatlara, zərərli çağırışlara daha asan inandığı dövrü əhatə edir. Uşaqların rəqəmsal hüquqlarının və təhlükəsizliyinin təmin olunması artıq dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir”.
Millət vəkili əlavə edib ki, qanunun bir il sonra qüvvəyə minməsi yeni qaydaların mərhələli şəkildə tətbiqinə imkan yaradacaq:
“Bu müddətdə yaşın təsdiqlənməsi mexanizmləri hazırlanmalı, tətbiq ediləcək platformalar müəyyənləşdirilməli, texniki həllər seçilməli, şəxsi məlumatların qorunması ilə yaş yoxlanılması arasında hüquqi tarazlıq təmin olunmalı, aidiyyəti qurumlarla sosial media platformaları arasında əməkdaşlıq mexanizmi formalaşdırılmalıdır”.
Pərvanə Vəliyeva vurğulayıb ki, valideynlər və uşaqlar üçün maarifləndirici proqramların həyata keçirilməsi, eləcə də müəllimlər və digər mütəxəssislər üçün təlimlərin təşkili də vacib addımlar kimi qiymətləndirilir:
“Məqsəd uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq deyil. Əsas hədəf onların rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək, kommersiya alqoritmlərinin, zərərli məzmunun və manipulyativ təsirlərin uşaqların maraqlarından üstün olmasının qarşısını almaqdır”.
Günel Cəlilova


