Psixoloq: “Bütün gün onlayn olmaq bizi yorur”

SOSİAL
10:05 / 10.08.2026
247

“Son illərdə həyatımızın böyük hissəsi ekranların içində keçir”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, səhər gözümüzü açan kimi telefona baxırıq, gün ərzində mesajlara cavab veririk, sosial şəbəkələri yoxlayırıq, iş yazışmalarını və xəbərləri izləyirik:


“Hətta istirahət etdiyimizi düşündüyümüz vaxtlarda belə beynimiz yeni məlumat qəbul etməyə davam edir. Bəzən günün sonunda özümüzə sual veririk: “Bu gün fiziki olaraq elə də çox iş görmədim, bəs niyə bu qədər yorğunam?” Çünki yorğunluq yalnız fiziki fəaliyyətlə yaranmır. Beynin davamlı olaraq informasiya emal etməsi də zehni yorğunluq yaradır. 

Psixologiyada son illərdə bu vəziyyəti izah etmək üçün “digital burnout” və ya “rəqəmsal tükənmə” ifadəsindən istifadə olunur. Bu, insanın rəqəmsal cihazlardan, sosial mediadan, onlayn ünsiyyətdən və davamlı informasiya axınından həddindən artıq yüklənməsi ilə əlaqəli bir vəziyyəti ifadə edir”. 

Ekspert qeyd edib ki, əslində isə bizi yalnız telefonda keçirdiyimiz saatların sayı yormur:
“Daha vacib olan beynimizin gün ərzində nə qədər tez-tez diqqətini dəyişməsidir. Bir mesaj gəlir. Sonra başqa bildiriş. Ardınca sosial şəbəkədə yeni paylaşım görürük. Bir neçə dəqiqə sonra işlə bağlı mesaj gəlir. Sonra yenidən telefona baxırıq. Beyin hər dəfə başqa bir stimula uyğunlaşmalı olur. Bu da diqqətin davamlı parçalanmasına və zehni resursların tükənməsinə səbəb ola bilər. 

Ən maraqlısı isə budur ki, bəzən telefonu əlimizdən qoyduqdan sonra belə beynimiz tam olaraq “offline” olmur. “Görəsən mənə kim yazdı?”, “İşdən yeni mesaj gəldimi?” , “Paylaşımıma kim baxdı?” , “Bu xəbərin davamı nə oldu?” , “Bir az da sosial şəbəkəyə baxım.” Bu düşüncələr beynin daim nəyisə gözləməsinə səbəb olur”. 

Psixoloqun sözlərinə görə, nəticədə insan özünü daha tez yorğun, səbirsiz və diqqətsiz hiss edə bilər:
“Kitab oxumaq, film izləmək, hətta kiminləsə söhbət etmək belə əvvəlki qədər rahat gəlməyə bilər. Çünki beynimiz uzun müddət yüksək informasiya axınına öyrəşdikdə sakitlik əvvəlcə bizə darıxdırıcı görünə bilər. Bəzi insanlarda bu vəziyyət yuxu rejiminə də təsir edir. Xüsusilə yatmazdan əvvəl telefondan istifadə etmək beynin günün bitdiyini qəbul etməsini çətinləşdirə bilər. Bədən yataqda olsa da, zehin hələ də gün ərzində aldığı məlumatları emal etməyə davam edir”.

Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, bir başqa məsələ isə daim əlçatan olmaq hissidir:
“Telefon yanımızdadırsa, sanki hər an cavab verməliyik. İş saatı bitib, amma iş mesajı gələ bilər. Evdəyik, amma kimsə bizdən nə isə istəyə bilər. İstirahətdəyik, amma sosial mediada nələr baş verdiyini qaçırmaq istəmirik. Beləliklə, insan fiziki olaraq işdən uzaqlaşsa da, psixoloji olaraq işdən çıxmaya bilər. Bu səbəbdən özümüzə zaman-zaman real fasilələr vermək vacibdir. 

Fasilə dedikdə başqa bir tətbiqə keçməyi nəzərdə tutmuram. Sosial şəbəkədən çıxıb “YouTube”a keçmək beynin tam mənada dincəlməsi deyil. Bəzən həqiqi istirahət sadəcə ekrandan uzaqlaşmaq, sakit oturmaq, gəzmək, musiqiyə qulaq asmaq, yaxınlarımızla telefonsuz söhbət etmək və ya heç bir stimul olmadan bir neçə dəqiqə qalmaqdır”.

Mütəxəssis fikirlərini belə yekunlaşdırıb:
“Özünüzə bu sualı verin: Mən gün ərzində nə qədər vaxt telefonda oluram və bunun nə qədəri həqiqətən ehtiyacdır? Bəlkə də beyninizin ehtiyacı daha çox informasiya deyil, bir az səssizlikdir. Daim onlayn olmaq daim hazır olmaq deməkdir. İnsan isə daim hazır vəziyyətdə qala bilməz. Bəzən telefondan uzaqlaşmaq insanlardan uzaqlaşmaq deyil. Əksinə, özümüzə qayıtmaqdır”.

Pərviz

0