Azərbaycan insanı nə qədər şəhərləşməyə meyilli olsa da, bəzi dadlardan imtina etmək istəmir. Xüsusilə də bu dadlar onun doğulduğu bölgənin unudulmayan dadıdırsa... Təndirdən təzəcə çıxmış çörəyin ətri, ya da daş kürədə bişmiş çörəyin xırtıltısı, ilk tikənin verdiyi ləzzət damağımızın vazkeçilməzidir. Elə buna görə də təndir çörəyi kəndlərdən, bölgələrdən paytaxta, Bakıətrafı qəsəbələrə də “daşınıb”. Küçələrdə, sıx yaşayış yerlərində müxtəlif adda təndirxanalar fəaliyyət göstərir.
Bəs bu qədər təndirxananın içindən hansının çörəyi həqiqətən seçilir? Başqa sözlə, çörəyi hansı çörəkçiyə verək?
Əgər söhbət əsl odun təndirindən gedirsə, Şəki-Zaqatalada, xüsusilə kəndlərində təndir çörəkləri çox dadlı olur. Quba-Qusarın da özünəməxsus fərqli görünüşlü çörəkləri var. Naxçıvan, Lənkəran-Astara, Gəncə-Qazax bölgələri də sac və təndir çörəyi, lavaş və müxtəlif kənd çörəkləri ilə seçilir.
Amma nədəndirsə, paytaxt və qəsəbələrdə Gəncə çörəklərinə daha çox üstünlük verilir. Hətta “Gəncə təndiri” adlı brend formalaşıb. Binəqədi, Xırdalan, Masazır, Novxanıda və paytaxtın rayonlarında “Gəncə təndiri” adlı çoxsaylı çörəkxanalar var.
Çörəkçilər deyir ki, bunun arxasında Gəncə çörəyinin Bakıda formalaşmış müsbət reputasiyası dayanır. Yəni müştəri “Gəncə təndiri” adı görəndə bunu adi təndir çörəyindən fərqli, müəyyən bir ənənə və dadla əlaqələndirir. Həqiqətən də Gəncə zonasının təndir çörəyi qalınlığına, ölçüsünə, üstünün xırtıltı, içinin isə yumşaqlığına görə digərlərindən üstün olur.


