Xarici dil müəllimliyi ixtisasında plan yerləri azaldı - SİYAHI

SOSİAL
11:40 / 11.08.2026
36

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər edilib.

Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarını müqayisə edib.

Müqayisəyə əsasən, Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına 2025-ci ildə 500 plan yeri ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 475-ə endirilib. Beləliklə, qəbul planında 25 yer azalıb.

Universitetdə alman dili üzrə xarici dil müəllimliyində də azalma var. 2025-ci ildə 40 olan plan yeri 2026-cı ildə 30-a, fransız dili üzrə isə 40-dan 30-a endirilib. Beləliklə, Azərbaycan Dillər Universitetində bu üç istiqamət üzrə plan yerlərinin ümumi sayı 580-dən 535-ə düşüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində də azalma qeydə alınıb. İngilis dili üzrə xarici dil müəllimliyinə 2025-ci ildə 60, 2026-cı ildə isə 50 plan yeri ayrılıb. Fransız dili üzrə plan yerləri 30-dan 25-ə endirilib. Nəticədə universitet üzrə bu ixtisasa ayrılan yerlərin sayı 90-dan 75-ə düşüb.

ADPU-nun filiallarında da dəyişikliklər var. 2025-ci ildə Şəki filialında ingilis dili üzrə 25 plan yeri olduğu halda, 2026-cı ildə bu rəqəm 20-dir. Ağcabədi və Quba filiallarında isə plan yerlərinin sayı dəyişməyərək hər birində 20 yer saxlanılıb. 2026-cı ildə Cəlilabad filialında da ingilis dili üzrə xarici dil müəllimliyinə 20 plan yeri ayrılıb.

Bakı Slavyan Universitetində rus dili üzrə xarici dil müəllimliyində plan yerləri 150-dən 130-a, fransız dili üzrə 25-dən 20-yə endirilib. İngilis dili üzrə 20, alman dili üzrə isə 15 plan yeri dəyişməz qalıb. Beləliklə, universitetdə xarici dil müəllimliyi üzrə ümumi plan 210-dan 185-ə düşüb.

Naxçıvan Dövlət Universitetində ingilis dili üzrə plan yerlərinin sayı 25-dən 20-yə endirilib. Fransız, alman və rus dilləri üzrə isə hər birində 10 plan yeri saxlanılıb. Nəticədə universitet üzrə ümumi göstərici 55-dən 50-yə düşüb.

Gəncə Dövlət Universitetində daha nəzərəçarpacaq azalma var. İngilis dili üzrə xarici dil müəllimliyində plan yerləri 30-dan 20-yə, rus dili üzrə 25-dən 15-ə, alman dili üzrə 25-dən 15-ə, fransız dili üzrə isə 25-dən 15-ə endirilib. Beləliklə, bu dörd dil üzrə ümumi plan 105-dən 65-ə düşüb.

Mingəçevir Dövlət Universitetində ingilis dili üzrə xarici dil müəllimliyinə ayrılan yerlərin sayı dəyişməyib və hər iki ildə 20 olub.

Lənkəran Dövlət Universitetində isə ingilis dili üzrə xarici dil müəllimliyinə 2025-ci ildə 50 plan yeri ayrılmışdı. 2026-cı ildə bu göstərici 40-a endirilib.

Xəzər Universitetində ingilis dili üzrə xarici dil müəllimliyinə 2025-ci ildə 50, 2026-cı ildə isə 40 plan yeri ayrılıb.

“Odlar Yurdu” Universitetində də ingilis dili üzrə xarici dil müəllimliyi üçün plan yerlərinin sayı 40-dan 20-yə endirilib.

Beləliklə, apardığımız müqayisə göstərir ki, 2026-cı ildə xarici dil müəllimliyi üzrə qəbul planında əsas tendensiya plan yerlərinin azaldılmasıdır. Xüsusilə Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Bakı Slavyan Universitetində plan yerlərində daha böyük azalmalar qeydə alınıb.

0