625 balla müəllimliyi seçdi, Bakıya deyil, Mingəçevirə üz tutdu

SOSİAL
17:20 / 26.08.2026
41

Ötən günlərdə ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb. Qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çox olub.

Onlardan biri də ətrafındakıların fikirlərinə baxmayaraq, öz seçdiyi yolla gedən Aysun İsmayılovadır.

Aysun İsmayılova 625 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olub.

Bu münasibətlə AzEdu.az Aysunla əlaqə saxlayıb. 

Həmsöhbətimiz bildirib ki, müəllimlik çətin və məsuliyyətli peşə olsa da, bütün bunları gözə alaraq bu ixtisası seçib:

"Yevlax rayonunun Salahlı kəndində yaşayıram, Bəhlul Əliyev adına tam orta məktəbin məzunuyam. Buraxılış imtahanından 268, blok imtahanından isə 357 bal toplayaraq ümumilikdə 625 bal əldə etmişəm. Uşaqlıqdan müəllim olmaq istəyirdim. Böyüdükcə riyaziyyat müəllimimi tanıdıqca bu fənni daha çox sevməyə başladım və nəticədə bu sahəni seçməyə qərar verdim.

İxtisas seçimi zamanı birinci və ikinci yerə Riyaziyyat müəllimliyini yazmışdım. Nəticədə Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul oldum.

Cəmiyyətimizdə bəzən region universitetlərinə paytaxtdakı ali təhsil müəssisələrindən daha zəif yanaşırlar. Lakin mən universitetlər arasında belə bir fərq olduğunu düşünmürəm. Bakı məni özünə çox cəlb etmirdi. Bəlkə də insanların çox olması və həmin mühitin mənə bir qədər yad gəlməsi səbəbindən orada təhsil almaq istəmirdim. Nəticədə özümə daha yaxın olan yeri seçdim.

Mingəçevir Dövlət Universitetini seçən kifayət qədər tələbə var. Buraya təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif regionlarından da tələbələr gəlirlər".

Yaxşı ki, Mingəçevir Dövlət Universitetini seçmişəm:

“Universitetdə rektor Anar Eminovla da görüşdüm və ali məktəblə daha yaxından tanış oldum. Anar müəllim bildirdi ki, birinci kursdan sonra bir semestr müddətində Türkiyədə təhsil almaq, eləcə də müxtəlif yerlərə göndərilmək imkanları var. Burada özünü inkişaf etdirmək üçün çox yaxşı şərait yaradılıb. Bütün bunları gördükdən sonra düşündüm ki, “Yaxşı ki, Mingəçevir Dövlət Universitetini seçmişəm”.

Ətrafımda “Bu balla niyə başqa ixtisas seçmədin?” deyən insanlar çox oldu, amma mən arzumun, xəyalımın arxasınca gedirəm. Başqa bir şeyi niyə arzulamalıyam ki?

Gələcəkdə magistratura təhsilimi Bakıda almağı düşünürəm. Müəllimlik ixtisasının çətinləşməsinə, imtahanların sayının artmasına və vakansiyaların azlığı kimi məsələlərə baxmayaraq, bütün bu çətinlikləri gözə alaraq bu yolu seçmişəm.

Mənim üçün yaxşı müəllim şagirdlərin və tələbələrin çəkinmədən sual verə bildiyi, onların zəif tərəflərini müəyyənləşdirərək inkişaf etmələri üçün çalışan və daha yüksək nəticələr əldə etmələrinə kömək edən insandır”.
 

0