Bu gün 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı qurulub. Uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir. Aişə xanım Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən HİT.az-a verilən məlumata görə, illərlə məcburi köçkün kimi Şəkidə yaşayan ailə üçün bu toy sadəcə xoşbəxt bir gün deyil, həm də Qarabağın dirçəlişini və həyatın doğma torpaqlara qayıdışını göstərən bir gündür. Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün isə döyüşdüyü torpaqlara yaxın bir ərazidə - Xocalının Seyidbəyli kəndində həyatının ən əlamətdar günlərindən birini yaşayır. Böyük sevinc və qürur hissi keçirdiyini deyir.
Seyidbəyli kəndində bu gün yüksək əhvali-ruhiyyə var. Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdarlıqlarını bildiriblər.


















