Bəzən insan iş yerini dəyişmək məcburiyyətində qalır.
Düzdür, səbəblər müxtəlif ola bilir. Lakin işdən ayrılma və yeni işə qəbul olma da kifayət qədər uzun prosesdir. Karyeramız baxımından bu prosesi peşəkar şəkildə düzgün idarə etmək lazımdır. İşdən çıxanda və yeni iş axtaranda bəzi suallara cavab axtarırıq.
İş yerimizi dəyişərkən nələrə diqqət etməliyik? Çıxacağımız iş yerinə nə qədər əvvəl məlumat verməliyik? Yeni iş yeri seçərkən hansı kriteriyaları nəzərə almalıyıq? İşdən çıxıb iş axtarmaq, yoxsa iş tapıb çıxmaq daha doğrudur?
İnsan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva Hit.az-a açıqlamasında bütün bu suallara cavab verib:
“İlk növbədə özümüzə bu sualı verməliyik: “Mən niyə işimi dəyişmək istəyirəm?” Problem maaşdır, rəhbərlikdir, inkişaf imkanının olmamasıdır, iş yüküdür, yoxsa sadəcə yorulmuşuq? Səbəbi dəqiq bilmədən edilən dəyişiklik bizi eyni problemlə yeni şirkətdə qarşılaşdıra bilər. Yeni iş yeri seçərkən isə yalnız əmək haqqına baxmaq düzgün deyil”.
Ekspert yeni iş yeri seçərkən də nələrə diqqət edilməli olduğundan danışıb:
“Şirkətin maliyyə və reputasiya vəziyyəti, rəhbərlik və korporativ mədəniyyət, vəzifənin real səlahiyyətləri, karyera və inkişaf imkanları, iş qrafiki, bonus sistemi, sosial paket, iş-həyat balansı, komandanın strukturu, lokasiya və ən əsası - vəzifənin uzunmüddətli karyera məqsədlərimizə uyğunluğu nəzərə alınmalıdır. Müsahibədə yalnız şirkət bizi qiymətləndirmir, biz də şirkəti qiymətləndiririk”.
Mütəxəssis işdən çıxmadan 1 ay əvvəl rəhbərliyə məlumat verilməli olduğunu söyləyib:
“Azərbaycan Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək istəyirsə, işəgötürəni bir təqvim ayı əvvəl yazılı şəkildə xəbərdar etməlidir. Lakin qanunda müəyyən xüsusi hallarda əmək müqaviləsinin ərizədə göstərilən tarixdə xitamına da imkan verilir. Ona görə də işdən ayrılarkən əmək müqaviləmizin şərtlərini və qanunvericiliyi əvvəlcədən yoxlamaq vacibdir”.
Sevda Quliyeva vurğulayıb ki, yeni iş tapdıqdan sonra mövcud işdən ayrılmaq lazımdır:
“Əksər hallarda daha təhlükəsiz yanaşma əvvəl yeni işi dəqiqləşdirmək, sonra mövcud işdən ayrılmaqdır. Xüsusilə maliyyə öhdəliklərimiz varsa, gəlirsiz qalmaq riskini nəzərə almalıyıq. Yeni şirkətdən sadəcə şifahi “sizi işə götürəcəyik” vədi almaqla istefa vermək isə düzgün deyil.
Vəzifə, əmək haqqı, bonuslar, işə başlama tarixi və digər əsas şərtlər yazılı şəkildə dəqiqləşdikdən sonra qərar vermək daha doğrudur. Lakin insanin psixoloji və fiziki olaraq artıq həmin işdə qala bilmədiyi, ciddi etik və ya hüquqi problemlərin olduğu hallar fərqlidir. Belə vəziyyətlərdə prioritet təhlükəsizliyimiz və hüquqlarımız olmalıdır”.
Elmir



