Bloger və influenserlər vergiyə cəlb olunur

SOSİAL
13:43 / 04.09.2026
163

Azərbaycanda sosial media üzərindən gəlir əldə edən bloger və influenserlərin fəaliyyəti ilə bağlı yeni təsnifat tətbiq olunub. 

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu məqsədlə həmin şəxslər üçün ayrıca fəaliyyət kodu yaradılıb. Yeni yanaşma rəqəmsal platformalarda formalaşan gəlirlərin və iqtisadi dövriyyənin daha dəqiq uçota alınmasına imkan verəcək. Bununla yanaşı, bloger və influenserlərin ödədiyi vergilərin dərəcələrində və mövcud vergi öhdəliklərində hər hansı dəyişiklik nəzərdə tutulmur.

Əslində sosial şəbəkələrdən qazanc əldə edən şəxslərin gəlirlərini rəsmiləşdirməsi və qanunvericiliklə müəyyən olunan vergi öhdəliklərini yerinə yetirməsi yeni tələb deyil. Sadəcə indiyədək bu fəaliyyət ayrıca kateqoriya kimi qeydə alınmadığından, sahənin real iqtisadi həcmini və büdcəyə verdiyi vergi töhfəsini dəqiq hesablamaq mümkün olmurdu.

Yeni fəaliyyət kodunun tətbiqi ilə bu istiqamətdə statistikanın daha aydın formalaşması və rəqəmsal sektorda yaranan dövriyyənin ayrıca izlənilməsi mümkün olacaq. 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, yeni qayda sosial media və digər rəqəmsal platformalar üzərindən əldə olunan gəlirlərin ayrıca uçota alınmasına və bu sahənin iqtisadi dövriyyəsinin daha dəqiq statistik mənzərəsinin formalaşdırılmasına imkan verəcək: 

408960

“Bununla belə, yeni fəaliyyət kodunun tətbiqi vergi ödəyicilərinin mövcud öhdəliklərini artırmır. Bu şəxslər fəaliyyətlərini əvvəlki qaydada davam etdirməli, əldə etdikləri gəlirləri və dövriyyəni müəyyən edilmiş qaydada bəyan etməli və müvafiq vergiləri ödəməlidirlər. Yəni yeni kodun müəyyənləşdirilməsi vergi ödənişlərinin hesablanması və ya dərəcələri baxımından əlavə bir yük yaratmır”. 

İqtisadçı hesab edir ki, vergi öhdəliklərini yerinə yetirməyən və ya vergidən yayınan şəxslərə münasibətdə də hər hansı yeni məsuliyyət mexanizmi tətbiq edilmir: 

“Belə hallarda vergi qanunvericiliyində əvvəldən nəzərdə tutulan qaydalar qüvvədə qalır və müvafiq pozuntuya görə müəyyən edilmiş sanksiyalar tətbiq olunur. Başqa sözlə, fəaliyyət kodunun dəyişdirilməsi və ya yeni kodun tətbiqi bloger və influenserlərin vergi öhdəliklərini yenidən müəyyənləşdirmir. Əsas yenilik onların fəaliyyətinin ayrıca təsnifata daxil edilməsi və bu sahədə yaranan gəlir və dövriyyənin daha dəqiq uçotunun aparılmasıdır”.

Sevinc

0