Sentyabrın gəlişi ilə Bakıda kirayə mənzil axtaranların sayı da artır.
Yeni tədris ili ilə əlaqədar bölgələrdən paytaxta gələn tələbələr arasında ev axtarışına çıxanların sayı kifayət qədər çoxdur. Lakin mənzil tapmaq hər kəs üçün eyni dərəcədə asan deyil. Müşahidələr və keçirdiyimiz sorğunun nəticələri göstərir ki, oğlan tələbələr kirayə ev məsələsində daha çox maneə ilə qarşılaşırlar. Bir sıra ev sahibləri mənzillərini tələbələrə, xüsusilə də oğlanlara kirayə verməyə üstünlük vermirlər.
Bu münasibətin səbəbi nədir? Ev sahibləri hansı risklərdən narahatdır və oğlan tələbələrə qarşı bu yanaşma necə formalaşıb?
Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında tələbələrin qarşılaşdığı problemlərdən biri də ev sahiblərinin kirayəçi seçimidir:

“Mənzil sahiblərinin bir qismi qadın tələbələri daha rahat kirayəçi hesab edir. Bu yanaşmanın formalaşmasında bir sıra amillərin rol oynayır. Ev sahibləri arasında qız tələbələrin mənzilə daha diqqətlə yanaşacağı barədə fikir kifayət qədər geniş yayılıb. Qadın tələbələr gündəlik yaşayış zamanı evin təmizliyinə və nizamına daha çox diqqət göstərə bilərlər.
Mənzildəki mebel və digər əşyalardan istifadə zamanı ehtiyatlı davranmaları da ev sahiblərinin seçimində nəzərə alınan məqamlardan biridir. Lakin bu yanaşmanı ümumiləşdirmək düzgün deyil. Çünki mənzilin səliqəli saxlanılması və ev əşyalarına münasibət insanın cinsindən deyil, fərdi davranışından asılıdır. Buna baxmayaraq, kirayə bazarında belə təsəvvürlərin mövcudluğu danılmazdır”.
Ekspertin sözlərinə görə, oğlan tələbələr üçün mənzil tapmaq prosesi bəzi hallarda daha mürəkkəb olur:
“Elə ev sahibləri var ki, kişi tələbələrdən gələn müraciətlərə ümumiyyətlə müsbət cavab vermirlər. Mənzilini oğlan tələbələrə kirayə verməyə razı olan sahiblərlə bağlı isə başqa bir məqam ortaya çıxır. Bəzi hallarda eyni ev üçün kirayə haqqı tələbənin qız və ya oğlan olmasından asılı olaraq dəyişdirilir”.
Sevinc

