Həyat yoldaşına, yoxsa onun ailəsinə uyğunlaşmaq?

SOSİAL
14:20 / 08.09.2026
7

Evliliklə birlikdə iki insanın həyatı dəyişməklə yanaşı, onların illər ərzində formalaşmış ailə vərdişləri və münasibət qaydaları da eyni evə daxil olur. 

Bəzi gənclər məhz bu mərhələdə çətinlik yaşayırlar. Həyat yoldaşına uyğunlaşmaq bir yana, onun ailəsi ilə münasibət qurmaq, fərqli düşüncə və davranışlara alışmaq zamanla ciddi gərginliyə çevrilə bilir.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, belə hallarda problemin səbəbini yalnız “gəlin ailəyə uyğunlaşmadı” və ya “oğlan həyat yoldaşını anlamadı” kimi izah etmək doğru deyil: 

“Çünki evlilikdə hər iki tərəf yeni münasibət modelinə uyğunlaşma mərhələsindən keçir. Əsas problem çox vaxt insanların evlilikdən əvvəl bir-birinin ailə mühitini və gələcək həyatla bağlı gözləntilərini kifayət qədər müzakirə etməməsindən başlayır. İnsan evləndikdən sonra qarşı tərəfdən öz ailəsində gördüyü qaydaları qəbul etməsini gözləyə bilər”.

409188

O qeyd edib ki, bir ailədə normal hesab edilən davranış digər ailədə tamamilə fərqli qarşılanır:

“Məsələn, bir tərəf üçün valideynlərin övladının şəxsi həyatına maraq göstərməsi qayğıdırsa, digər tərəf bunu müdaxilə kimi qəbul edə bilər. Bir ailədə hər məsələnin birlikdə müzakirə olunması adət sayılır, başqa ailədə isə ər-arvadın öz qərarlarını müstəqil verməsi normaldır. Bu fərqlər vaxtında danışılmadıqda kiçik narazılıqlar tədricən ciddi konfliktlərə çevrilə bilər”. 

Psixoloq hesab edir ki, bu kimi hallarda ən vacib məsələlərdən biri sərhədlərin müəyyənləşdirilməsidir: 

“Bu sərhədlər qoyulmadıqda həyat yoldaşları bir-birinə qarşı deyil, getdikcə öz ailələrinin mövqeyini müdafiə etməyə başlayırlar. Digər mühüm məsələ isə həyat yoldaşının ailəsi ilə “mütləq yaxın münasibət qurmaq” məcburiyyətinin olmamasıdır. Hörmətli münasibət saxlamaq vacibdir, amma hər insanın qarşı tərəfin bütün ailə vərdişlərini mənimsəməsi gözlənilə bilməz. 

Eyni evdə yaşamaq və ya qohum olmaq eyni xarakterə sahib olmaq demək deyil. Artıq evdə davamlı mübahisələr başlayıbsa, tərəflərdən birinin susaraq bütün narazılıqları toplaması da problemi həll etmir. Ən başlıcası isə gənclər anlamalıdır ki, evlilikdə həyat yoldaşını öz ailəsinə “uyğunlaşdırmaq” əsas məqsəd deyil”.

Sevinc

0