Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Çanta, geyim və dəftər-qələm alışı üçün mağazalarda canlanma var.
Bəs bu il məktəbə hazırlıq ailə büdcəsinə neçəyə başa gəlir?
Trend-in əməkdaşı ən çox satılan ləvazimatların mövcud qiymətlərini araşdırıb.
Müşahidələrə əsasən, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə ciddi bahalaşma yoxdur. Məsələn, ən çox istifadə edilən məhsul, dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpik- 3 manat arası dəyişir.
Digər məktəb ləvazimatlarının qiymətləri isə aşağıdakı kimidir:
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Çanta: 20-120 manat
Rəsm albomları: 1-7 manat
Sadə karandaşlar: 20 qəpik - 1,80 manat
Sadə qələmlər: 20 qəpik- 1 manat
Pozan: 40-50 qəpik
Rəngli karandaşlar: 2-8 manat
Xətkeş: 40 qəpik - 2,50 manat
Plastilin: 1- 4,50 manat
Pərgar dəsti: 1 - 5 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov isə Trend-ə açıqlamasında qeyd edib ki, məktəbli formalarının satış qiymətində dəyişiklik yoxdur.
"Məktəbli şalvarı və ətəkləri 15 manat, polo köynək(qısaqol) 12 manat, polo köynək (uzunqol) 14 manat, jaketlərin qiyməti qalınlıq dərəcəsinə görə isə 20-25 manat arası dəyişir", - deyə o əlavə edib.
Beləliklə, bir şagird üçün yeni dərs ilinə hazırlıq təxminən 100–210 manat arası başa gəlir. Məbləğ seçilən çanta, məktəb ləvazimatları və məktəbli formasının qiymətindən asılı olaraq dəyişir.



